Bəzi marketlər də çəki fırıldağına əl atmağa başladı

4 İyul 2014 10:52 (UTC+04:00)

Əvvəllər çəkidə aldatma halları daha çox bazarlarda, iri yarmarkalarda baş verirdi. Artıq bu vəziyyət müəyyən marketlərdə də yaşanmağa başlayıb. Əhali arasında şikayətlər var ki, marketdən alınan məhsul bəzi hallarda üstünə yazılan çəkidə olmur. Bu isə birbaşa olaraq istehlakçıların hüquqlarının pozulması faktıdır. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Mövqe.az-a bildirir ki,  Nazirlər Kabinetinin 94 nömrəli qərarına əsasən market və dükanlarda nəzarət tərəziləri olmalıdır: "Tərəzilər Standartlaşdırma, Metreologiya və Patent üzrə Dövlət Komitəsinin qeydiyyatından keçirilməlidir. Təəssüflər olsun ki, bu gün ölçü cihazları müntəzəm olaraq qeydiyyatdan keçirilmir. Səbəb isə odur ki, bu qeydiyyat könüllüdür. Yəni, məcburi xarakter daşımır".

Eyyub Hüseynov dükan və marketlərdə müntəzəm olaraq monitorinqlər keçirilməsini, tərəzilərin məcburi şəkildə qeydiyyatdan keçirilməsini zəruri sayır:  "Gərək, müvafiq dövlət xidməti məcburi qaydada heç olmasa, 6 aydan bir monitorinq aparsın, tərəziləri məcburi qaydada qeydiyyatdan keçirsin. Ümumilikdə, Azərbaycanda məhsulların orta çəkisi təxminən 1 kq  üçün 800 qr həcmindədir. Yəni istehlakçı bir kq əvəzinə 800 qr alır. Deməli, istehlakçıların qazancının 20%-i aldanmaya, yalan çəkiyə  gedir. Təəssüf ki bu hal marketlərdə də yaşanır. Çünki orada da tərəzilərin qeydiyyat məsələsində problemlər var".

 İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov da məsələ ilə bağlı münasibətini bildirib. İqtisadçı hesab edir ki, marketlərdəki çəki ilə bağlı aldatma halları əksərən texniki problemlərdən qaynaqlanır: "İstehlakçıları hüquqlarının pozulması istənilən halda cinayət xarakterli bir əməl sayılır. Azərbaycan qanunvericiliynə görə, bu istiqamətdə İqtisadiyyat və Sənaye  Nazirliyi yanında İstehlakçıların Hüquqlarının Qorunması Komissiyası məşğul olur. Bizdə olan məlumata görə, komissiya tərəfindən müxtəlif reydlər  keçirilir. Hazırda qanunvericilikdə müəyyən cərimə formaları da nəzərdə tutulub. İstehlakçıların məhsulun çəkisi, keyfiyyəti, istərsə də qiyməti ilə bağlı aldadılması -  hamısı bu kateqoriyadan cinayətlərə aiddir. 

Amma onu da demək lazımdır ki, problem əvvəllər göründüyü kimi deyil. Çünki əvvəllər Azərbaycanda xüsusilə də ərzaq məhsullarının satışında bazarların payı kifayət qədər böyük idi. Lakin sonradan iri marketlərin açılması, onların daha sanitar qaydalarla və ucuz qiymətlərlə məhsulları təklif etməsi nəticəsində bazarların istehlakda olan payı azalmağa başladı. Ən böyük aldadılma halları da bazarlarda baş verirdi.  İndi marketlərdə də tez-tez aldadılma halları ilə bağlı informasiyalara rast gəlirik. Lakin bu məlumatların hər zaman həqiqəti əks etdirmədiyi də reallıqdır. Bir çox hallarda bu, yanlış anlaşılmalar nəticəsində olur. Belə ki, bəzən iri supermarketlərin işçiləri məhsulları etiketləyərkən, markalayarkən səhvə yol verə bilirlər. Olur ki,  daha ucuz məhsulun üzərinə daha baha məhsulun kodu yapışdırılır. Və yaxud da ki, eyniadlı məhsulun aşağı çəkilisinin üstünə yuxarı çəkilisinin kodu yapışdırıla bilir və s. Bu da bir çox hallarda problemlərə gətirib çıxarır. Amma mən birmənalı şəkildə qeyd etmək istərdim ki, supermarket sahibləri bunu bilərəkdən eləmir. Onlar bu formada qazanmaqdan daha çox, öz marketlərinin ictimai nüfuzunu qorumaqla, dövriyyəni artırmaqla daha çox gəlir əldə etməyi üstün tuturlar. Narazılıqlar əsasən texniki problemlər nəticəsində ortaya çıxır". 

Ekspert onu da qeyd etdi ki, bəzən də qəsdən çəki ilə bağlı dəyişiklik edilir. Məqsəd isə, məhsulu başqa marketlərdən daha aşağı qiymətə verirmiş kimi göstərib müştəri cəlb etmək olur: "Bununla belə, xoşagəlməz hallar da yaşana bilir. Bu gün ölkəmizdə supermarketlərin sayı artdıqca, təbiidir ki, onlar arasında rəqabət mühiti böyüyür. Bəzən olur ki, marketlər bir-birinə qonşu şəkildə belə tikilir. Belə olduğu təqdirdə onlar rəqabətin  qeyri-qanuni yollarına əl atmağa məcbur olurlar. Hansısa məhsulun qiymətini daha aşağı təklif edirmiş kimi görünmək məqsədilə məhsulların çəkisini azaldıb onun qiymətini azaltmaqla, sanki aşağı qiymətə məhsul satırmış kimi təqdim edirlər. Lakin bu hallar çox vaxt istehlakçılar tərəfindən aşkar olunur. Aşkar olunduqdan sonra isə əhali arasında yayılır. Nəticədə bu, marketin  nüfuzuna ciddi xələl gətirir. 

Amma mən bildirmək istərdim ki, bu sahədə problemlər olsa da, bunlar  Azərbaycan istehlakçısının hüququnun pozulması istiqamətində ən az, ən zərərsiz təsirlərdəndir. Çünki kifayət qədər böyük problemlər var. Azərbaycan bazarında kifayət qədər keyfiyyətsiz məhsulların satışına rast gəlmək mümkündür. Xüsusilə də sertifikatlaşma zamanı bir çox hallarda mövcud sistemdə olan problemlərdən qaynaqlanaraq yerli istehsalın ölkə bazarına təklif etdiyi məhsulların keyfiyyəti çox aşağı olur. Çəki ilə bağlı aldatma halı isə heç də strateji cəhətdən düşünən sahibkarın atdığı addım deyil. Çox xırda, lokal xarakter daşıyır".