Yemə görə ətin qiyməti bahalaşa bilər

4 İyul 2014 13:45 (UTC+04:00)

Heyvandarlığın inkişafında yem tədarükü heç şübhəsiz ki, ən əsas yerlərdən birini tutur. Ancaq təəssüf ki, bu sahədə ölkəmizdə hələ də müəyyən problemlər mövcuddur. Məsələn, heyvan yemi kimi xüsusi əhəmiyyətə malik ot bağlamalarının tədarükü ilə bağlı indi elə də xoş olmayan vəziyyət yaranıb. Əvvəla vaxtında biçilmədiyindən sahələrdə xeyli həcmdə ot məhv olaraq gedib. Digər tərəfdən hava şəraiti ilə bağlı olaraq bu il sahələrdə otun azlığı da müşahidə olunur. Özü də bu il mövsümlə əlaqədar olaraq, ot bağlamalarının qiyməti kəskin bahalaşıb. Eləcə də, bir müddət öncə dizel yanacağının qiymətinin bahalaşması da ot bağlamalarının qiymətinə təsirsiz ötüşməyib. Belə ki, dizelin qiymətinin bahalaşması otun biçilmə, bağlanma və daşınma qiymətlərinin artmasına gətirib çıxarıb.

Nəticədə bu amil paralel olaraq ət və süd məhsullarının qiymətlərində öz əksini tapmalı olacaq. Kənd təsərrüfatı üzrə mütəxəssis  Vahid Məhərrəmov Movqe.az-a Azərbaycanda yem istehsalı ilə bağlı mövcud problemlərdən danışıb. Ekspert əvvəlcə qeyd edib ki, bu gün ölkəmizdə ümumiyyətlə, aqrar siyasətin sistemli şəkildə həyata keçirildiyini demək olmaz. Burda bir pərakəndəlik, dağınıqlıq mövcuddur: "Çalışmaq lazımdır ki, kooperativlər yaransın, kooperativdə daha çox az sahəsi olan pay almış sahibkarlar birləşsin. Geniş sahədə əkin-səpin işi aparılanda nəyəsə nail olmaq mümkündür. Birincisi, həm o sahələrdə torpağın lazımi qida ilə təmin edilməsi, yəni, üzvi və mineral gübrələrin verilməsi mümkün olur. Digər tərəfdən orda suvarma işlərini aparmaq asan olur. Geniş sahələrdə texnikadan istifadə də daha səmərəli olur. Əldə olunan məhsul çox olanda onu asanlıqla həm daşımaq, həm saxlamaq mümkün olur, həm də satışını həyata keçirmək. İqlim şəraitinə uyğunlaşdırmaq məsələsində də, məsələn, yağış yağanda onun qurudulmasını intensiv yolla həyata keçirmək mümkün olur. Yəni,  bu zaman işlər daha asanlıqla görülür. Çəkilən xərclər az olursa, nəticə də müsbət olur". 

Ekspert Azərbaycanda yemləmə işinin kor-koranə şəkildə aparıldığını deyir: "Son vaxtlar Azərbaycanda xüsusilə ot istehsalı ilə bağlı, əldə olunan taxıl məhsullarından qüvvəli yem kimi istifadə edilməsi, eyni zamanda  bu istiqamətdə emal müəssisələrinin olması nəzərə çarpmır. Yemləmə işini hər heyvanın təyinatı üzrə, yəni məsələn, sağlam inəklər üçün ayrı, ətlik heyvanlar üçün ayrı, iribuynuzlu mal-qara, qoyun-quzu üçün ayrı şəkildə, hər birinin cinsinə, yaşına uyğun şəkildə həyata keçirmək lazımdır. Bizdə isə bu işlər kor-koranə şəkildə aparılır. Sahibkarın əlində nə varsa, yemləməni ona uyğun həyata keçirir". 

 Mütəxəssisin sözlərinə görə, yem bazasını möhkəmlətmək üçün ilk öncə təşkilati işlər həyata keçirmək lazımdır. Hökümət bu sahəyə xüsusi diqqət yetirməlidir: "Bu sahəni sistemləşdirmək lazımdır. Eyni zamanda  bu sahə ilə məşğul olan adamları birləşdirmək, onların probleminin həllində vasitəçi, kömək olmaq lazımdır. Onlar nə subsidiyalar alırlar,  nə də onlar üçün güzəştli kreditlər verilir. Mineral gübrənin verilməsində də problemlər var.  Hökümət bununla da bağlı hər hansı qərar qəbul eləməlidir. Göründüyü kimi. bu sahədə hələ görüləcək işlər var. Buna görə də məhsul gah azalır, gah artır. Qiymətlər də buna uyğun olaraq dəyişir. Son zamanlar isə yalnız artan xətt üzrə gedir. 

Çünki ət və süd məhsullarının maya dəyərində yemin payı təxminən 65-70%-dir. İstənilən zamanda əgər yem və yem məhsullarının, otun qiyməti artırsa, taxılın qiyməti artırsa, bu mütləq öz təsirini sonda ət və ət məhsullarının, süd və süd məhsullarıın qiymətində göstərir. Bundan qaçmaq mümkün deyil. Heç bir sahibkar zərərə işləmək istəməz. Fermer də xərcini hesablayır. Xərci artırsa, mütləq əldə etdiyi məhsulun satış qiymətini artırır".