Avropa Azərbaycan maliyyəsinə daha böyük ehtiyac duymağa başlayır

6 İyul 2012 09:00 (UTC+04:00)

Natiq Cəfərli: "Qərbin problemli ölkələrinin gələcəyi haqqında heç də birmənalı fikir yürütmək mümkün deyil"

Son zamanlar Avropanı bürüyən maliyyə böhranı getdikcə dərinləşməkdədir. Artıq 4 ildir ki, böhran içərisində olan Yunanıstanın ardınca bu hadisələr Portuqaliya, İtalitya, İspaniya və digər Avropa ölkələrində müşahidə olunmaqda davam edir. Çıxış yolu axtarmaqda olan Avrozonanın variantlarından biri də xaricdən investorların cəlb edilməsidir.

Belə investorlardan biri qismində isə Azərbaycan çıxış edir. Ekspertlər isə indiki vəziyyətdə Azərbaycanın Avropaya investisiya qoymasını birmənalı qarşılamırlar. İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, maliyyə böhranı inkişaf etmiş və inkişafda olan ölkələr üçün yeni imkanlar açır: "Bu imkanlar ondan ibarətdir ki, qlobal maliyyə böhranı dünyada investisiya qıtlığı yaradır. İnvestisiya qıtlığı yaratdığı üçün bu digər ölkələr, eləcə də Azərbaycan üçün investisiyaların yerləşdirilməsi baxımından yeni imkanların olması deməkdir. O baxımdan Qərb, eləcə də Avropa ölkələrinə indiki vəziyyətdə investisiya qoyuluşunun tərəfdarıyam. Azərbaycan şirkətlərinin Qərb ölkələrinə investisiya qoyuluşları perspektiv baxımdan gəlirli hesab olunur. Çünki indiki halda Qərb ölkələrində, xüsusən bəzi şirkətlərin səhmlərinin qiymətinin azalması fonunda həmin ölkələrə investisiya qoyuluşları cəlbedicidir. Amma eyni zamanda nəzərə almaq lazımdır ki, investisiya qoyuluşları həyata keçirən zaman kifayət qədər ehtiyatlı olmaq lazımdır. Bütün hallarda nəzərə almaq lazımdır ki, sektorlarda perspektiv baxımdan böhran dalğasının olması və böhran dalğasının genişlənməsi təhlükəsi var. Bu daha çox qiymətli kağızlar və bank sektorundadır. Ona görə də qiymətli kağızlar və bank sektorlarına ciddi investisiyaların yönəldilməsi arzuolunan deyil. İndiki halda Avropa ölkələrində daha çox arzuolunan daşınmaz əmlaka vəsaitlərin yönəldilməsi və bir sıra səhmləri dövriyyəyə çıxarılan iri şirkətlərin alınmasıdır. Bunlar perspektiv baxımdan gəlirli ola bilər. Amma qiymətli kağızlar bazarında iştirak etmək uzunmüddətli dövr üçün gəlirli deyil. Bu baxımdan orada risk böyükdür".

Ekspert bu risklərin bütün sektorlarda olmadığını da əlavə etdi: "Digər sektorlarda xüsusən, real sektorda investisiya qoyuluşlarının riskləri azdır. Çünki indiki halda Avropada daşınmaz əmlakın qiyməti kəskin aşağı düşüb. İri şirkətlərin səhmlərinin qiymətlərində ciddi azalmalar var. Təbii ki, bu da imkan yaradır ki, investisiyası olan ölkənin böyük şirkətləri daha ucuz qiymətə daşınmaz əmlaka sahib olub, daha ucuz qiymətə iri şirkətlərdə payçı olsunlar. Amma indiki vəziyyətdə bütün hallarda Avropada maliyyə sektoru ilə bağlı istiqamətlərə investisiya qoyulması kifayət qədər risklidir. Hökumət, eləcə də Azərbaycan şirkətləri məhz bu cür investisiya qoyuluşları həyata keçirən zaman birmənalı şəkildə ehtiyatlı olmalıdırlar".

Vüqar Bayramov Avropa ölkələrindən ən böyük riskin Yunanıstanda olduğunu dedi: "Burada risk həmişə böyük olub. İndiki halda Avropa ölkələrində Yunanıstanla bərabər maliyyə sektorunda riski böyük olan ölkələr İspaniya və Portuqaliyadır. Ona görə də onların maliyyə bazarında, xüsusən də qiymətli kağızlar bazarında investisiya həyata keçirmək kifayət qədər risklidir".

Digər iqtisadçı-ekspert Oqtay Haqverdiyev bildirir ki, Qərb ölkələrinə yatırımlar müxtəlif cür olur: "Avropada qiymətli kağızlar sektoruna indiki vəziyyətdə yatırım etmək çox böyük riskdir. Çünki onlar ucuzlaşıb. Hal-hazırda qiymətli kağızlar bazarında ucuzlaşma ilə şirnikləndirilmə aparılır ki, çox insan bunu alsın. Qiymətli kağız sektorunda da hər kompaniyanın kağızını almaq düzgün olmaz. Bu zaman kompaniyaların qiymətli kağızlarının perspektivinə baxıb almaq lazımdır. Çünki böhran vəziyyətdə, demək olar ki, bütün kompaniyaların qiymətli kağızları sığortalanmır".

İqtisadçı Natiq Cəfərli də məsələyə münasibət bildirərək qeyd edir ki, Azərbaycanın Avropaya indiki yatırımları hələ böyük həcmdə deyil: "İndiki halda bir neçə belə sazişlər imzalanıb. Serbiya ilə yol infrastrukturunun maliyyələşdirilməsi barəsində layihə imzalandı. Burada da işləri Azərbaycan şirkəti - "Akkord" şirkətlər qrupu həyata keçirəcək. Belə demək mümkünsə, Azərbaycan öz pulu ilə xaricdə öz şirkətinə iş həcmi yaratdı. Ən ciddi yatırımlar isə Türkiyədədir. Türkiyə isə Avropa Birliyə daxil olmasa da, Avropa ölkələri arasında dünyada ən az böhrandan zərər görən ölkələrdəndir. Oraya da Azərbaycan tərəfindən investisiyalar qoyulması böyük strateji lahiyələr çərçivəsində həyata keçirilir. Sadəcə, burada ən böyük problemlər yatırımlar haqqında məlumatların şəffaflığındadır. Burada təkcə yatırımların ümumi həcmi haqqında məlumatlar verilib".

Ekspert indiki vəziyyətdə Avropa ölkələrində Azərbaycan tərəfindən şəxsi investisiyaların olduğunu bildirdi: "Amma investisiyalar büdcədən, Neft Fondundan maliyyələşdirilməyibsə, onun məsuliyyətini də yatırım edənin özü daşıyır. Azərbaycan dövlət kimi Qərbdə büdcədən maliyyələşən layihələrdə iştirak etmək istəyirsə, bu investisiyalara Qərbdə potensial olaraq təhdid var. Çünki Avrozonanın gələcəyi tam aydın deyil ki, hansı formada inkişaf edəcək. Lakin bu yaxınlarda Avrozonanın bank sisteminin bir mərkəzdən idarə olunması haqqında qərar da qəbul olundu. 120 milyard avroluq təşviq paketinin qəbul olunması baxımından qərar verildi. Amma Qərbin problemli ölkələrinin gələcəyi haqqında heç də birmənalı fikir yürütmək mümkün deyil. Əgər Azərbaycan hökuməti investisiya yatırmaq istəyirsə, təbii ki, birinci növbədə, problemli ölkələrdən qaçmalıdır. Bunlar əsasən Yunanıstan, İrlandiya, Portuqaliya və İspaniyadır. Bunların vəziyyəti Avrozonadakı digər ölkələrə nisbətən daha pis- dir. İnvestisiyaların yatırımı üçün ən ideal ölkələr Skandinaviya ölkələri və Almaniyadır".