Yol kənarlarında fəaliyyət göstərən restoran və yeməkxanalarda acınacaqlı, antisanitariya vəziyyəti hökm sürür. Rayonlara gedən yolların kənarlarında xidmət göstərən bu obyektlərin mütləq əksəriyyətində müştərilərə təklif olunan yeməklərin qiyməti keyfiyyətlə qətiyyən uzlaşmır. Movqe.az-a açıqlamasında bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söyləyib. E. Hüseynov bildirib ki, bir şiş kababı od bahasına satan yeməkxanalarda bəzən süfrəyə verilən qab-qacağın çirkini belə müştərilər təmizləmək məcburiyyətində qalırlar: "Yol kənarlarındakı restoranlarda müştərilərdən çox pul alınsa da, verilən yeməyin çəkisi bir nəfər üçün nəzərdə tutulmuş porsiyadan xeyli az olur. Belə obyektlərdə yemək sifarişi zamanı menyu təqdim olunmadığından, müştərilər qiymətdən bixəbər qalırlar. Bu isə restoranda xidmət göstərənlərə istədiyi qiyməti oxumasına imkan verir. Bir dəfə belə halla rastlaşan müştəri ikinci dəfə həmin yeməkxananın qapısını belə açmaq istəməsə də, təkrar eyni restoranda yemək yemək məcburiyyətində qalır. Çünki, rayonlara sərnişin daşıyan sürücülərlə, yolkənarındakı yeməkxanaların sahibləri avtobusu məhz həmin restoranın qarşısında saxlamaq barədə öz aralarında razılığa gəlirlər. Yeməkxanaya müştəri gətirən sürücünün payı isə bir qarın yemək və bir çaynik çay olur. Belə restoranlar əsasən Şamaxı, Kürdəmir, Salyan yollarının kənarlarında yerləşir".
Yol kənarlarında yerləşən restoranların nəzarətdən kənar qaldığını Respublika Gigiyena Epidemiologiya Mərkəzinin (RGEM) Qida Təhlükəsizliyi Şöbəsinin rəhbəri İmran Abdullayev də təsdiqləyir. İ.Abdullayev bizimlə söhbətində bildirdi ki, əslində yolkənarı restoran və kafelərə rayonların Gigiyena Epidemiologiya Mərkəzləri (GEM) nəzarət etməlidirlər: "Amma həmin restoranların vəziyyəti göstərir ki, yerlərdəki GEM-in həkimləri çox zəif işləyirlər. Restoranlarda yeməyin keyfiyyətində, qab-qaşığın təmizlənməsində ciddi problemlər var. Qaydaya görə, 200 nəfərə xidmət göstərən restoranın 1500-2000 boşqabı olmalıdır. Bundan başqa belə restoranlara üç gözlü vanna qoyulmalıdır. Müştərinin qabağından gətirilən boşqablar əvvəlcə 50 dərəcə suda xüsusi məhlulla yağsızlaşdırılmalıdır. İkinci həmin qab-qaşıq 0,2 faizli xloramin məhlulunda dizinfeksiya edilməlidir. Daha sonra 80 dərəcə istiliyi olan su şırnağı altında təmiz yuyulmalıdır. Amma restoranların heç birində bu qaydalara riayət edilmir. Bəzən müştərilərin qabağına rəngi saralmış stəkanlarda çay gətirilir. Qaydaya görə isə stəkanlar hər dəfə istifadə olunduqdan sonra 80 dərəcə su ilə xüsusi məhlul tökülərək yüyülub təmizlənməlidir. Belə restoranlarda hər xidmətçinin üç xalatı olmalıdır. Ərzaqların saxlanılması üçün soyuducuların sayı 10 ədəddən az ola bilməz".