Yol polisinə Bakıda "avtoş" sürücülərə güzəşt etməmək tapşırılıb

4 İyul 2014 20:25 (UTC+04:00)

Bir neçə gün öncə "KamAZ" markalı yük avtomobilinin sürücüsünün Bakıda təhlükəli əməllərindən sonra paytaxt polisinə avtoxuliqanlara qarşı güzəşt edilməməsi barədə göstəriş verilib.

Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə deyib ki, paytaxt yollarında təhlükəsizliyin təmin edilməsi istiqamətində yol polisi tərəfindən davam etdirilən tədbirlər zamanı 2 gün öncə el arasında "avtoşluq" deyilən avtoxuliqanlığa görə saxlanılan daha iki nəfər məhkəmənin qərarı ilə həbs edilib.

Bölmə rəisinin sözlərinə görə, bunlar Bakı sakinləri - Əhmədov Şamxal Rasim oğlu və Hacıyev Cavid Namiq oğludur: "1983-cü il təvəllüdlü Əhmədov Şamxal Rasim oğlu "Moskviç" markalı avtomobilə məxsus "10 FB 051" dövlət nömrə nişanını "Toyota Prado" markalı avtomobilin nömrə yerinə quraşdırıb və idarə etdiyi ciplə açıq-aşkar avtoxuliqanlıq hərəkətləri törədib. O, etdiyi hərəkətlərlə ətrafdakıların həyatına real təhlükə yaradıb, üstəlik, yol polisin saxlama əmrinə əhəmiyyət verməyərək tabesizlik göstərib. Ona görə də məhkəmənin qərarı ilə 20 sutka həbs olunub. Digər şəxs "90 UG 494" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Hacıyev Cavid Namiq oğlu isə polisin əmrinə tabe olmayaraq ona müqavimət göstərib. Bu səbəbdən də məhkəmənin qərarı ilə 5 sutka həbs olunub".

V.Əsədovun sözlərinə görə, kimliyindən asılı olmayaraq, avtoxuliqanlığa və digər qanunsuzluğa yol verən istənilən şəxs saxlanılacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq cəzalandırılacaq.

Qeyd edək ki, iyunun 29-da "KamAZ" markalı yük avtomobilinin sürücüsü Fətullayev Elbrus Ağayar oğlu Bakıda yol polisi əməkdaşlarının əmrinə aşkarcasına tabe olmamaqla yanaşı, onların həyatlarına da ciddi təhlükə yaradıb, bu azmış kimi, bilərəkdən avtobusla toqquşaraq qəza da törədib. O, ilkin mərhələdə məhkəmənin qərarı ilə 30 sutka həbs edilib.