Gürcüstanlı qadın sürücü Bakıda qəzaya düşdü

5 İyul 2014 11:15 (UTC+04:00)
Bakıda sürücünün sürət həddini aşması qəzaya səbəb olub. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , Suraxanı rayonu ərazisində qeydə alınan hadisə zamanı iki minik avtomobili toqquşub. Aeroport şosesi ilə üzü Mərdəkan qəsəbəsi istiqaməində hərəkət edən "Hyundai" maraklı minik maşını onunla eyni istiqamətdə olan Gürcüstan vətəndaşı Orli Palaqaşviliyə məxsus "Chevrolet" markalı digər nəqliyyat vasitəsinin arxasına çırpılıb. Zərbənin təsirindən "Chevrolet"in xanım sürücüsünün sükana nəzarəti itirib ki, bu da son olaraq minik maşının dəmir arakəsmələrə çırpılması ilə nəticələnib.

Hadisə zamanı xəsarət faktı da qeydə alınıb. Belə ki, "Hyundai"nin sürücüsü və onun xanım sərnişini yüngül yaralanıb. Onlara da hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının həkimləri kömək edib.

Qəza sözü gedən yolda avtomobillərin hərəkətində sıxlığın yaranmasına da səbəb olub.

Qəzanın təfərrüatlarını Suraxanı polisi araşdırır. Yol nəqliyyat hadisəsinin hansı sürücünün günahı ucbatından baş verdiyi isə aparılacaq təhqiqatın sonunda məlum olacaq.