Ordumuzda mühüm dəyişikliklərə start verilir

6 İyul 2012 09:00 (UTC+04:00)

Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində daha bir vacib addım atılmaqdadır. Söhbət Azərbaycanla NATO arasında razılaşdırılan Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (İPAP) üçüncü mərhələsindən gedir. NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appartuay qeyd edib ki, IPAP-ın 3-cü mərhələsi artıq icraya yönləndirilib.

Bu konekstdə isə orduda bir çox mühüm yeniliklər tətbiq olunacaq. Məsələn, NATO standartlarından Azərbaycan ordusunda tətbiq olunan vacib şərtlərdən biri də əsgərlərin hərbi xidmətdə təsərrüfat işlərindən azad olunmasıdır. Əsgərlərin təlimatla nəzərdə tutulmamış sanitar, əmək, mətbəx və sair bu kimi işlərdən azad olunaraq həmin işlərin mülki şəxslərə həvalə olunması istiqamətində artıq müəyyən addımlar atılmaqdadır. Bu, xidmət keçənlərin sağlam mənəvi-psixoloji durumuna da müsbət təsir göstərir. Bu məsələ Azərbaycan-NATO münasibətlərinin üçüncü fazasında tələb kimi gündəmə gəlib. İstisna olunmur ki, ölkənin hərbi qanunvericiliyinə bununla bağlı müəyyən dəyişikliklər zamanın tələbinə çevriləcək.

Ümumiyyətlə, Azərbaycan Silahlı Qüvvələrində mülki şəxslərin sayının artırılması İPAP-ın üçüncü mərhələsindən irəli gələn addımdır. Sənəddə əksini tapan əsas istiqamətlərdən biri Müdafiə Nazirliyi sistemində həm aşağı, həm orta, həm də yüksək səviyyələrdə xidmət edən mülki heyətin artırılması ilə bağlıdır. Ekspertlər xatırladır ki, cari ilin əvvəlində qəbul olunmuş "Hərbi Vəzifə və Hərbi Xidmət" haqqında qanun orduda xeyli səviyyədə vəzifələrin mülkiləşdirilməsi istiqamətində addımlar üçün hüquqi əsas yaradır. Ümumilikdə NATO standartları tətbiq olunan ölkələrin ordularında hərbi və mülki vəzifələr ayrı-ayrılıqda göstərilir. Hərbçilər döyüş hazırlığı ilə məşğul olur, mülki vəzifəlilər isə arxa cəbhənin təminatı, döyüş hazırlığına dəstək fəaliyyəti göstərir. Bu, NATO standartlarının əsas fəlsəfəsinə daxildir.

Araşdırmalar göstərir ki, Silahlı Qüvvələrdə baş verən bir çox neqativ halların kökündə məhz hərbi qulluqçuların xidmətdən kənar vəzifələrə cəlb olunması durur. Yəni onların müxtəlif yardımçı vəzifələrə cəlb olunması ordudakı neqativ hallara və xüsusən də itkilərə gətirib çıxarır. 2003-2011-ci illərdə Azərbaycanda təhlükəsizlik və müdafiə sektorunda baş verən itkilərin təfsilatını araşdırsaq görərik ki, itkilərin bir hissəsi məhz hərbi qulluqçuların qeyri-xidmət tapşırıqlarına cəlb olunması ilə əlaqədardır.

Hərbi ekspertlər bildirir ki, təxminən 90 minlik Azərbaycan Silahlı Qüvvələrinin mühüm hissəsinin mülkiləşdirilməsi mümkündür. Hesab olunur ki, təxminən 3 ildə bu proses həyata keçirilə bilər. Bir sıra məlumatlara görə, üçüncü IPAP çərçivəsində Müdafiə Nazirliyinin şəxsi heyətinin ilkin dövr üçün 10-12 faizinin mülki heyətlə əvəzlənəcəyi gözlənir. Xatırladaq ki, 2003-cü ildə səslənmiş rəsmi rəqəmlərə görə, MN sistemində 4 min nəfərdən artıq mülki heyət xidmət edir. Onların sayının yaxın illərdə ən azı 2,5-3 dəfə artırılması gözlənir. Bəzi məlumatlara görə, proses müdafiə nazirinin mülki şəxslə əvəzlənməsi ilə başa çatacaq. Bu zaman Baş Qərargahın funksiyaları artırılacaq.

Araşdırmalar göstərir ki, Silahlı Qüvvələrdə mülkiləşdirmə prosesinin həyata keçirilməsi bir sıra əhəmiyyətli məqamların üzə çıxmasına təsir göstərəcək. İlk növbədə, müdafiə xərclərinin həcmi azalacaq. Məlumdur ki, bu gün hərbi heyətin saxlanması mülki heyətlə müqayisədə 2-3 dəfə baha başa gəlir. Beləliklə, bir sıra vəzifələrdə çalışan hərbi qulluqçuların mülki şəxslərlə əvəzlənməsi ümumilikdə orduda sosial təminatın yaxşılaşdırılmasına imkan yaradacaq. Mülkiləşdirilmə prosesi hərbi bölmələrin tam şəkildə komplektləşdirilməsinə imkan yaradacaq.

Bütün bunlar məhz İPAP çərçivəsində reallaşır. Xatırladaq ki, Azərbaycan İPAP-ın icrasına 2005-ci ilin aprel aylarında başlayıb. İPAP-ın birinci mərhələsi 2005-ci ilin aprel ayından 2008-ci il yanvarın 1-dək, ikinci mərhələsi isə həmin tarixdən 2010-cu il yanvarın 1-dək olan dövrü əhatə edib. Ekspertlərin fikrincə, Azərbaycan NATO qarşısında götürdüyü öhdəlikləri vaxtında və keyfiyyətlə yerinə yetirsə, 2013-15-ci illər arasında onun NATO-ya üzvlüyünə münbit şərait yarana bilər.