Borc zabit ailəsinin tifağını dağıtdı
5 İyul 2014 18:12 (UTC+04:00)
Ötən gün Xaçmazda dayısının evində gənc oğlanı intihara vadar edən
şok təfərrüatlar məlum olub.
Belə ki, 18 yaşlı Əmrah Şərifli dayısının Memar Əcəmi küçəsində
yerləşən evində özünü asıb.Movqe.az xəbər verir ki , Rayon
Polis Şöbəsindən verilən məlumata görə, E.Şəriflinin gəmi kapitanı
işləyən atası Rəhman Şərifov da bu ilin may ayında özünü asıb.
Atasının faciəvi ölümündən sarsılan Əmrahı anası dincəlmək üçün
dayısının evinə göndərib. Dünən səhər saat 6 radələrində Əmrahın
asılmış meyiti tapılıb.
Milli.az əldə etdi ki, gəmi kapitanı Rəhman Şərifovun külli
miqdarda borcu olub. Borc sahiblərinin hədələrindən bezərək bu il
mayın 6-da özünü asıb. Hətta R.Şərifov intihar etməmişdən qabaq
məktub da yazıb. "Təzadlar" qəzeti həmin məktubu təqdim edir:
"Yazıb bildirirəm ki, Afətdən alınan 43.000 (qırx üç min) manat
faiz kimi alınan pul olduğu üçün tam qaytarılıb. Lakin imkan
olmadığından yığılan faizlərin bir qismi ödənilməyib. Onun yanına
gedib ərizəsini geri almasını xahiş etdik, əri Elşən isə mənim
nazirlikdə adamım var, pulu da ondan alıb faizlə vermişəm -
deyirdi. Sonra əlavə etdi ki, mənə deyiblər, sənin arxanda biz
dayanmışıq. Ona deyəndə ki, satışa qoyduğumuz evi faizin yerinə
götür, indi pul verməyə imkan yoxdur, - ona da razı olmadılar.
Elşən dedi ki, mən ev də, pul da istəmirəm, mən istəyirəm ki, siz
ər-arvad ikiniz də türməyə düşəsiniz. Həm də gördüm ki, bunlar
Allah adamı deyillər. Onlardan alınan pulu (ana pulu)
qaytarmasaydıq, haqlı olardılar. Onların qabağından qaçıb
gizlənməmişəm, deməmişəm ki, faizi vermirəm. Neçə dəfə demişəm ki,
əsas pulu vermişəm, imkan olanda, yəni ki, ev satılan kimi faiz
pulunu da verəcəyəm. Yaxud da ki, pulun yerinə evi götür, ona da
razı olmadılar. Haqq və ədalətin olmadığını, yalanın baş alıb
getdiyi bir vaxtda haqsız yerə yoldaşımın türməyə düşəcəyinə dözə
bilməyəcəyimi görüb bu yola əl atdım. O dünyada olacaq hadisələri
görməyəcəyəm və duymayacağam. Heç nədən haqsız və ədalətsiz bir
ailə faciəsi olacaq. Allah məni bağışlasın. Şəri, böhtanı görüb üç
evimi satıb onlara vermişəm, banklardan kreditlər götürmüşəm. Bu
qədər. İmzamla təsdiq edirəm".
Xaçmaz Rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı Cinayət
Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi
başlanıb.