Müdafiə Nazirliyi oruc qadağası xəbərinə aydınlıq gətirdi
5 İyul 2014 21:11 (UTC+04:00)
Müdafiə Nazirliyi bəzi kütləvi informasiya vasitələrində oruc tutan
hərbi qulluqçulara guya nazirlik tərəfindən qadağa qoyulması barədə
məlumatlara münasibət bildirib.
Movqe.az-ın Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə,
hərbi hissələrin komandanlığı valideynləri, ictimaiyyətin
nümayəndələrini, din xadimlərini, ağsaqqalları hərbi hissələrə
dəvət edərək məsləhətləşmələr aparır və onlar hərbi xidmətin
spesifikası, xidmət dövrü ərzində oruc tutulmasının tibbi, fiziki,
psixioloji baxımdan orqanizmə təsiri və nəticələri barədə hərbi
qulluqçular arasında maarifləndirici işin həyata keçirilməsinə cəlb
edilirlər.
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin
əksəriyyətinin ağır iqlim şəraitində, relyefi müxtəlif və mürəkkəb
olan ərazilərdə - yüksək dağlıq, düzənlik-ovalıq şəraitində,
düşmənlə üz-üzə təmas xəttində, daim səngərlərdə, postlarda
yerləşməsi, daim döyüş növbətçiliyi çəkməsi dini ayinlərin icrasına
çətinlik yaradan əsas amil kimi nəzərə alınmalıdır.
Diqqət yetiriləsi məqamlardan biri də odur ki, hazırda
vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması həyata
keçirilir. Bu dövrdə ailə mühitindən ayrılaraq, ordu sıralarına
yeni gələn gənclərin fiziki, mənəvi-psixioloji adaptasiya keçməsi,
ciddi surətdə əməl olunan günün nizam qaydalarına, həmçinin
orqanizmə təsir edən digər amillərə uyğunlaşması vacibdir. Bu
müddətdə həm iqlim şəraiti, həm də ailədən ayrılaraq tamamilə başqa
mühitə düşməsi, o cümlədən yeni kollektivdə ünsiyyət qurması kimi
fizioloji və mənəvi-psixioloji amillərin gənclərimizə təsiri də
mövcuddur.
Müdafiə Nazirliyinin qarşısında duran ən əsas vəzifələrindən biri
də döyüş növbətçiliyinin yerinə yetirilməsi ilə əlaqədar verilən
döyüş tapşırıqlarını vaxtında, dəqiq, düzgün icra edən, silah və
texnikanı dərindən bilən, eyni zamanda düşməni məhv etməyə hazır
olan, fiziki cəhətdən sağlam, cevik, çətinlikləri məharətlə dəf
edən, dözümlü və döyüş əzmi yüksək olan hərbi qulluqçular
yetişdirməkdir.
Məhz bu səbəbdən də bu incə və həssas məsələyə qadağa deyil, hərbi
xidmətin xüsusiyyətləri nəzərə alınmaqla, hərbi qulluqçuların
sağlamlığının qorunması, təhlükəsizlik və yüksək döyüş hazırlığı
prizmasından baxılması məqsədəuyğundur.