Təmas xəttində yerləşən Əlibəylidə istinad divarları çəkildi

6 İyul 2014 17:09 (UTC+04:00)
Tovuz rayonun təmas xəttində yerləşən Əlibəyli kəndindəki evlərin ətrafına istinad divarları çəkilir. Movqe.az xəbər verir ki , bu barədə  Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayev məlumat verib.

V. Rzayev bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bərdə rayonundakı bölməsi tərəfindən ermənilərə sərhəddə yaxın ərazidə yerləşən 14 Əlibəyli kənd sakininin evinin ətrafına artıq istinad divarı çəkilib. Onun sözlərinə görə, istinad divarların çəkilməsi prosesi hazırda davam edir.

Həmçinin BQXK tərəfindən Əlibəyli kəndində yaşayan ailələrə 1010 min manata yaxın maliyyə yardımı edilib.

Valeh Rzayev qeyd edib ki, ermənilərin atəşkəsi pozması nəticəsində Əlibəyli kənd sakinlərinin evlərinə dəyən ziyan artıq müəyyənləşdirilib. Onun sözlərinə görə, evlərinin damı dağılan kənd sakinlərinə Azərbaycan Respublikasında Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyi tərəfindən dam ötükləri paylanılıb.

Həmçinin Agentlik tərəfindən Əlibəyli kəndində yaşayan bir kasıb ailənin evinin yenidən tikintisinə başlanılıb.

V. Rzayev bildirib ki, Əlibəyli kəndinin içməli su, işıq və qaz təminatı ilə bağlı heç bir problemi yoxdur.

Hazırda kənd sakinləri gündəlik məişət işləri ilə məşğul olurlar.