Məlumat verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün cari ilin iyul ayının 2-dən yerli buğda istehsalçılarından buğda qəbuluna başlayıb. Buğda Nazirliyin "Səngəçal" və "Gəncə" Taxıl elevatorları, həmçinin, "Abşeron Taxıl" MMC, "Karat-Holdinq" MMC, "Karmen" MMC, "FATOĞLU" MMC, N. Quliyev adına "Bakı-Taxıl" ASC, "Araz ASC" və "Aveta" MMC müəssisələri vasitəsilə qiyməti bir ton üçün 240 manat olmaqla qəbul edilir. Qeyd edək ki, buğda Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları"nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş keyfiyyət göstəricilərinə cavab verməlidir. Həmin keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək. Problem də məhz bu keyfiyyət göstəriciləri ilə bağlıdır. Təəssüf ki, bu gün ölkəmizdə yetişdirilən buğdanın heç də hamısı bu keyfiyyət parametrlərinə cavab verə bilmir. Ona görə də, hər il taxıl qəbulu zamanı heç də bütün fermerlər fond üçün buğda verə bilmirlər. Bu il də eyni nəticənin yaşanacağı gözlənilir. Bəs görəsən bu vəziyyətin yaranmasına səbəb nədir? Niyə Azərbaycan fermerlərinin hamısı kifayət qədər keyfiyyətli buğda istehsal edə bilmirlər?
Sualımızı Ərzaq Təhlükəsizliyi
Alyansının əlaqələndiricisi, kənd təsərrüfatı üzrə ekspert
Nizami Qarayev cavablandırıb: "Dövlət Taxıl Fondunun tədarük
elədiyi taxıla müəyyən tələblər qoyulur ki, verilən taxıl təmiz
olmalıdır, sort qarışığı olmamalıdır, taxıl xəstəlik və
zərərvericilərdən azad olmalıdır. Bundan başqa, məhsul müəyyən
nəmlikdə olmalıdır və s. Bu tələbata cavab verən taxılı da
Azərbaycan fermerləri hamısı yetişdirə bilmir. Bunun isə çoxlu
səbəbləri var. Əgər vegetasiya müddətində taxıl sahələrində mövcud
problemlərə qarşı mübarizə aparılmırsa, bu, sonradan özünü
keyfiyyətdə göstərir. Fermerlərin demək olar ki, çoxu taxılı
qurudaraq onun nəmliyini müəyyən standarta çatdırmaqdan ötrü
avadanlıqlara malik deyillər. Bu da taxılın nəmliyinin kifayət
qədər yüksək olmasına səbəb olur. Fermerin özündən asılı olan və
olmayan bir sıra səbəblər var ki, bu Azərbaycan fermerlərinin
lazımi keyfiyyətdə taxıl fondunun tələbinə uyğun məhsul istehsal
etməsinə mane olur. Digər bir göstərici də vegetasiya müddətində
fermerlərin müəyyən aqrotexniki qaydalara tam şəkildə əməl
etməməsidir. Bütün bunlar son nəticədə aşağı səviyyədə məhsul
istehsalına gətirib çıxarır. Amma bunları bütün fermerlərə aid
etmək olmaz. Azərbaycanda kifayət qədər iri fermer var ki, onlar
standartlara uyğun məhsul istehsal edə bilir. Lakin əlbətə, bu
yetmir.
İstehsalı artırmaqdan lazımdır. Bunun üçün isə kompleks tədbirlər həyata keçirilməlidir. Birincisi, keyfiyyətli toxumdan istifadə edilməlidir. Torpaq səthi normal hazırlanmalıdır. Səpin qabağı gübrələrdən istifadə edilməlidir. Xüsusən də fosfor, kalium gübrəsindən istifadə edilməlidir. Vegetasiya müddətində azot gübrəsi də verilməlidir. Bütün xəstəlik və zərərvericilərə qarşı vegetasiya müddətində mübarizə aparılmalıdır. Əgər bu tədbirlər ardıcıl şəkildə həyata keçirilərsə, Azərbaycanda da yüksək keyfiyyətli məhsul istehsal etmək olar. Burda əsas məsələlərdən biri də bitkilərin lazımi vaxtda, lazımi miqdarda suvarılmasıdır. Təəssüf ki, Azərbaycan fermerləri çox zaman, bəzən özlərində asılı olmayan səbəblərdən sahələri vaxtında suvara bilmirlər. Bu da məhsuldarlığın kəskin şəkildə azalmasına gətirib çıxarır".