Tələbə təqaüdü artdı
7 İyul 2014 11:03 (UTC+04:00)
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ABŞ,
İsveçrə və Çində təhsil alan təqaüdçülərin aylıq təqaüdlərinin
məbləğinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə
dəyişiklik edilib.
Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən
məlumata görə, Təhsil Nazirliyinin "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın
icrası və Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin
ixtisas biliklərinə tam yiyələnmələri və keyfiyyətli təhsil
almaları üçün mövcud şəraitin daha da yaxşılaşdırılması
istiqamətində həyata keçirdiyi islahatlar davam
edir.
Xaricdə təhsil alan tələbələr tərəfindən Təhsil
Nazirliyinə ünvanlanan çoxsaylı təklif və müraciətlər əsasında,
eyni zamanda Nazirlik tərəfindən Azərbaycan xarici ölkələrdəki
diplomatik nümayəndəlikləri vasitəsilə apardığı araşdırmalar
nəticəsində, Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin
maddi rifahının yaxşılaşdırılması və onların təhsil aldığı
ölkələrdəki inflyasiya şəraitinə uyğun olaraq xərclərinin
qarşılanmasında rahatlıqlarının təmin olunması məqsədilə
2014-2015-ci tədris ilindən etibarən ABŞ, İsveçrə və Çində təhsil
alan təqaüdçülərin aylıq təqaüdlərinin məbləğinə dəyişiklik
edilib.
Dəyişiklik nəticəsində, ABŞ-ın yaşayış səviyyəsi
yüksək olan şəhərlərinin siyahısına Los-Anceles, San-Fransisko
şəhərləri də əlavə edilərək aylıq təqaüdlərin məbləği 1900 ABŞ
dollarına, digər şəhərlər üçün isə 1400 ABŞ dollarına çatdırılıb.
Eyni zamanda, İsveçrə və Çin (Honkonq və Şanxay şəhərləri) üzrə də
aylıq təqaüdlərin məbləği müvafiq ardıcıllıqla 1400 avroya və 1050
ABŞ dollarına qaldırılıb.
Ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə
bilərsiniz.
http://cabmin.gov.az/?/az/pressreliz/view/1379/
Əminik ki, Dövlət Proqramı çərçivəsində təhsil
alan bütün tələbələr yüksək akademik nailiyyətlərlə məzun olduqdan
sonra qarşıya qoyulmuş məqsədlərə uyğun olaraq, Azərbaycanın
gələcək inkifaşı və xalqımızın rifahı naminə aparılan islahatlar
prosesinə öz töhfələrini verəcəklər. Dövlət Proqramının effektiv və
səmərəli icrası istiqamətində islahatlar bundan sonra da davam
etdiriləcək.