Xınalığa girişdə şlaqbaum

7 İyul 2014 13:33 (UTC+04:00)

Getdikcə hava bir qədər də sərinləsə də, 40 dəqiqədir ki, Qəçrəşdən Xınalığa uzanan yolumuza davam edirik. Sıldırım qayayaların dibindən uzanan enişli-yoxuşlu yol bir qədər təhlükəli olsa da, təbiətin əsrarəngiz gözəlliyi adamı bu yolda darıxmağa qoymur. Bizi qədim yaşayış məskəninə aparan yolda demək olar ki, narahatçılıq hiss etmirik. Bakının əksər qəsəbələrinə gedən yoldan dəfələrlə abad olan bu yol, Xınalığa üz tutan turislərin də üzündə razılıq ifadəsi yaratmışdı. Amma bu razılığımız Xınalığın girişinə qədər oldu. Biz Xınalığa çatanda burda xeyli sayda avtomobil dayanaraq kəndin girişinə qoyulmuş şlaqbaumun qaldırılmasını gözləyirdi. Avtomobili əyləyib kəndin girişinə şlaqbaumun hansı səbəbdən qoyulmasını soruşduqda, kiçik köşkdən çıxan gənc oğlan bizə yaxınlaşıb pul tələb etdi.


-Xınalığa giriş üçün hərəniz adambaşına iki manat ödəməlisiniz.


-Niyə, hansı səbəbdən?


-Xınalıq qoruq ərazisidir, giriş pulludur.


Xınalığın girişində yarım saatdan çoxdur ki, dayanan avtomobillərin girişinə mane olan səbəbi öyrəndikdən sonra, bizdən pul tələb edən gəncdən bunun qanuni olub-olmadığını təsdiqləyən sənəd tələb etdik. Adi kağızda kompyuterdə yazılmış möhürsüz sənəd təqdim edən gənc bu sənədə əsasən pul tələb etdiyini söylədi. Adını deməkdən imtina edən gənc bizimlə söhbətində bildirdi ki, ərazi qoruq olduğundan giriş pulludur. Və buna Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmi icazə verilib. Jurnalist vəsiqəmizi təqdim etdikdən və bu sənədin qeyri-qanuni sonra şlaqbaumu açaraq Xınalığa gələnlərin kəndə girişinə icazə verildi. Xınalıqla bağlı təəssüratlarımızı bölüşməzdən öncə qeyd edim ki, xınalıqlılar Azərbaycanın ən qədim sakinlərindən sayılır. Bu etnos dünyada yeganə dilə və yaşayış məskəninə mənsubdur. Yəni, dünyanın etnik xəritəsində ancaq bir Xınalıq kəndi və yeganə xınalıq dili mövcuddur ki, bu da Azərbaycanın Quba rayonuna məxsusdur. Yaşı minilliklərlə ölçülən Xınalıq Azərbaycanın ən qədim kəndlərindən biridir. Xınalığa açıq səma altında yerləşən muzey də deyirlər. Kəndin təkcə təbiət mənzərələrində, relyefində, abidələrində, qədim qəbiristanlıqlarında deyil, adi daşında, qayasında da bir qədimlik var. Vaxtilə bu kəndin başqa yaşayış yerlərilə əlaqəsi yalnız yayda mümkün idi. Onda da keçilməz dağ yollarını, körpüsüz çayları, sıldırım qayalıqları, ensiz cığırları, hər an təhlükə ilə üzləşiləcək gədikləri ancaq və ancaq at belində keçmək olardı. Xalq yazıçısı Anar söyləyir ki, ötən əsrin 60-cı illərində atamla Xınalığa getmişdim: "Neçə gün at belində yol getdik. Çox çətinliklə ora çatdıq. Amma gördüyümüz heyrətedici mənzərədən, mehriban insanlardan heç ayrılmaq istəmirdik".


Həqiqətən də Xınalıq dünyanın ən müqəddəs və analoqu olmayan yaşayış məskənlərindən biridir. Çox ağır, şəraitdə, dağlar qoynunda, soyuq iqlim şəraitində yaşayan insanlar məhz torpaq sevgisinə, vətən eşqinə görə bu yerlərin qayası, daşı kimi doğma torpağa möhkəm yapışıblar. Vaxtıilə xınalıqlıların dünyada baş verən hadisələrdən, yeniliklərdən o qədər də ətraflı xəbərləri olmurdu. Amma artıq Xnalıqda rabitə, internet belə var.


Xınalıqda ilk qarşımıza çıxan 75 yaşlı Zübeyd baba ilə söhbətləşib kəndin tarixi ilə bağlı maraqlı məlumatlar əldə etdik. Zübeyd babanın sözlərinə görə, kənddə hazırda 200-dən çox ev var. Bu evlərin bir neçəsinin yaşı 250-dən çoxdur. Xınalıqlılar müsəlman olaraq dinə çox yaxındırlar. Özlərinin xüsusi adət-ənənələri, geyimləri və mərasimləri olub. Evləri xüsusi quruluşa malik olaraq çay daşlarından tikilib. Xınalıq kəndi Qudyalçayın dağlıq düzündə yerləşir. Bir evin damı, ondan yüksəkdə yerləşən digər evin meydançasıdır. Dağlar dik olduğundan evlər çox sıx yerləşdirilib. Kənd öz memarlıq üslubunu itirmədiyindən ümumi görünüşdə özündə tamamlanmış ansamblı əks etdirir. Hətta çay dərəsindən kəndə yaxınlaşarkən gözəl mənzərə açılır. Yeni tikilmiş binalar - bələdiyyə, 7 illik məktəb kəndin aşağısında yerləşir. Xarakterik xüsusiyyətlərdən biri, həyətlərin hamısında formaca kərpicə oxşar, quru və nəm təzəkdən yaradılmış divarların olmasıdır. Zübeyd baba deyir ki, Xınalılıqlılar Azərbaycanın aborigen azsaylı xalqları içərisində özünəməxsus etnoqrafik xüsusiyyətləri ilə seçilirlər. Bu etnos Qafqaz dil ailəsinə daxil olub, Şahdağ ətrafında yerləşmələrinə görə tarixi-etnoqrafik ədəbiyyatda "Şahdağ xalqları" adlandırılır. Kətiş dilini (xınalıq dili) bəzi mütəxəssislər Şimali Qafqaz ailə qrupunun Nax-Dağıstan dil ailəsinə aid edirlər. Digər mütəxəssislər isə bu dili Ural dil qrupuna aid edirlər. Bundan öncə mütəxəssislər bu dili Qafqaz-Şahdağ dil qrupuna aid edirdilər. Bu sahədə lingvistik tədqiqatlar davam edir. Lakin bütün mütəxəssislər razılaşırlar ki, bu dil ən qədim dil ailəsinə məxsus dillərdən biridir: "Dilimizdə ismin 18 halı var. Kətiş dilinin (xınalıq dilinin) rus və ingilis dillərində lüğət kitabları çap olunub. Çox təəssüf ki, hələ Kətiş (xınalıq)-azərbaycan dili lüğəti tərtib edilməyib. Kətiş dili (xınalıq dili) çoxsəsli dil kimi 76 hərflə ifadə olunur. Bu dildə 28 sait var. Kətiş dilində (xınalıq dilində) fellər həm cinsə, həm də insan və heyvana görə fərqlənir. Məsələn, "gəlir" sözü qadın, kişi və heyvana görə müxtəlif tərzdə səslənir. Xınalıqda dövlət tərəfindən qorunan bir çox dini və tarixi abidələr mövcuddur. Bu abidələrdən biri kəndin ən hündür yerində yerləşən Əbu Müslüm cümə məscididir.Əbu Müslümün adını daşıyan cümə məscidinin tarixi təxminən IX əsrin sonu X əsrin əvvəllərinə aid edilir. Əbu Müslüm əslən ərəb olub Azərbaycanın bütün şimal-şərq ərazisindəki kəndlərə(eləcə də o zaman Azərbaycandakı dövlətə bağlı olan Dağıstana) İslam dinini yayaraq məscidlər tikdirib. Məhz Xınalıqda ilk məscid o vaxt tikilib.Hazırda kəndin əsas cümə məscididir. Məscidin girişində, sağ tərəfdə 2 metr yüksəklikdə yerləşən 2 müxtəlif daş üzərində "runa" yazıları həkk olunub.Yazıların təqribən 3-8-ci əsrlər arasında yazıldığını ehtimal etmək olar. Yazıların tam olaraq tərcüməsi olunmasa da, təxmini mənası Günəşin doğması və yeni tarixin başlanması mənasını daşıyır. Xınalıq kəndində dövlət tərəfindən qorunan abidələrdən biri də Pirə Comərd türbə-məscididir. Pirə-Comərd türbə məscidinin tarixi təxminən XII əsrin sonlarına təsadüf edilir ki, bu türbə-məscid Əbu-Müslümdən xeyli cavandır. Həmin binadakı türbə İslamdan qabaq olub, atəşpərəst dininə aid ayinlərin keçirildiyi məbəd kimi yaddaşlarda qalıb. İslamı qəbul ediləndən sonra atəşpərəst məbədi diqqətdən kənarda qalmış, daha sonra məbəd bərpa edilib və ona bitişik məscid tikilib. Comərdin (xatırladaq ki, bu ad müəyyən sufi təriqətlərində şərti titul kimi də işlənir-red.) qəbri də tikilinin daxilindədir. Xınalıqlılar həmin hissəyə zülmətxana (qaranlıq yer) deyirlər. Ona görə ki, kiçik sərdabəyə işığın düşməsi üçün pəncərə və baca qoyulmayıb. Bu qapalı sərdabəyə işığın düşməsi, yaxud qəbirin açıqda olması ruhun narahat olmasına və allah tərəfindən onu narahat edən insanları cəzalandıracağına inanırdılar. Hazırda Pirə-Comərd türbə məscidi tam fəaliyyət göstərir.Türbə-məscidin üstü torpaq dam olub. Dövlət tərəfindən qorunan digər dini abidəsi olan Şeyx Şalbuz türbə - məscididir. Bu türbə-məscid Aşağı məhəllədə yerləşir. Şeyx Şalbuz İslam dininin və ərəb dilinin bilicisi olub, mədrəsə açaraq bir çox tələbə-molla yetişdirib. Rəvayətə görə, o, insanların fikrini oxuyaraq problemləri həll etmək üçün dua yazar, əlindəki biocərəyanla müalicə edər, müdrik məsləhətlər verərmiş. Hazırda məscid-türbəyə Şeyx Şalbuz məscidi adlanır və tam fəaliyyət göstərir. Xınalığa xüsusi gözəllik bəxş edən təbiət abidəsindən biridə Atəşgahdır. Atəşgah Xınalıqdan şimal istiqamətində 5 km məsafədə olmaqla Heydər Əliyev adına zirvənin cənub ətəyində yerləşir. Bura torpaqdan çıxaraq yanar qaz olduğu üçün Atəşgah adlanır. Xınalıqlıların ilkin inancı atəşpərəstlik olduğunu nəzərə alaraq "Atəşgah" müqəddəs yer sayılır. Atəşgah ekoturizm üçün maraq və istirahət xarakteri daşıyır. Ümumilikdə Xınalıq ərazisində 31 türbə və ziyarətgah var. Onların 16-sı tikintisi olan ibadətgahlardır. Qalanları isə əhali tərəfindən müqəddəsləşdirilmiş ziyarət yerləridir. Ümumiyyətlə, Xınalıq əhalisi kənddə mövcud olan bütün məscidləri "pir" adlandırır. Məscidlər evə bənzəyir və minarələri yoxdur. Bu ərazidə yerləşən, müqəddəs sayılan Babadağın zirvəsindəki oyuğun altında xalq arasındakı rəvayətə görə, Baba adlı müqəddəs şəxsin qəbri var. Bura təkcə bölgədə deyil, bütün Azərbaycanda məşhur ziyarətgahlardan biridir. Babadağı 7 dəfə ziyarət etmək əhalinin inamına görə, Həcc ziyarətinə bərabərdir. Bundan əlavə, Xınalıqda Qəmik məscidi, Şeyx Şalbuzbaba məscidi, Xıdır Nəbi, Qüllə, Cabbar baba, Möhüc baba və Şıxşalburuz baba pirləri də var. Xınalıqda alban qəbristanlıqları da mövcuddur. Alban qəbristanlıqları kəndin içərisindən başlayaraq dairəvi şəkildə İslam qəbristanlıqlarına qədər uzanır.Qəbristanlığın əhatə etdiyi ərazi 40 hektardan çoxdur. Hətta elə qəbirlər var ki, onlar biri digərinin üstündə yerləşir. Tədqiqat üçün saysız qədər alban qəbirləri mövcuddur. Təəssüf ki, bu vaxta kimi hər hansı tədqiqat işi aparılmayıb. Bu gün Xınalıqda arxeoloji tədqiqatlara çox ciddi ehtiyac var. Xınalıq qəbiristanlıqlarında qəbirlərin çoxu həm enlilik, həm də uzunluq cəhətdən olduqca iri və nəhəngdir.Rutsoş çayına gedərkən yolun üstündəki açıq qəbirlər buna əyani sübutdur. Xınalıqdakı qəbirlərin bəziləri 3 mərtəbəlidir. Burada qəbirlər bir birinin üzərində yerləşir.Ancaq qazıntılar qəbirlərin nə qədər qədim olmasını aşkar edə bilər".


Zübeyd baba ilə söhbət zamanı öyrəndik ki, kəndin qonaqsız günü demək olar ki, yoxur. İxtiyarla söhbətə yekun vurub Xınalığın Tarixi Etnoqrafiya Muzeyinə də çəxdik. Muzeyin Natiq adlı əməkdaşı bizimlə söhbətində bildirdi ki, muzeyə toplanan eksponantların demək olar ki, hamısı xınalıq sakinləri tərəfindən təqdim edilib. Burada xınalıq kəndinin qadınlarının gümüş yaxalığı, müxtəlif dövrə aid tunc, kəsici alətlər, xınalıqlıların qədimi başmaqları və sair nümayiş etdirilirdi. Muzeyin əməkdaşının dediyinə görə, istirahət günləri muzeyə gələnlərin sayı daha çox olur. Xınalıq əldən-ayaqdan uzaq bir oba olsa da, burada ərzaq məhsullarının yanacağın qiyməti Quba rayon mərkəzindəki qiymətlərdən cüzi fərqlənir. Yegənə bahalı olan Xınalığa nəqliyyat xidmətidir ki, buraya taksilər Qubadan müştəriləri 60 manatdan aşağı gətirmirlər. Xınalıqdan Bakıya gəldikdən sonra kəndə girişin pullu olmasının səbəblərini də araşdırdıq. Mədəniyyət Turizm Nazirliyindən ərazinin qoruq olduğu üçün girişin pullu olduğunu söylədilər.