Yeni dünya müharibəsi başlanır

8 İyul 2014 08:58 (UTC+04:00)

Rusiyanın son zamanlar aqressivləşməsi NATO-nun ABŞ-ın təşəbbüsü ilə strategiyasına yenilik gətirilə bilər. Belə ki, alyans mütəffiqlərinin siyahısına yenidən baxmağa hazırlaşır. Bu fonda da ABŞ NATO-da Ukrayna, Moldova və Gürcüstana mütəffiqlik statusunun verilməsini istəyir. Mütəffiqlik adları çəkilən ölkələr üçün mənfi nəsə vəd etmir. Ancaq bunun onsuz da soyuq olan NATO-Rusiya münasibətlərinə bir az da gərginlik gətirəcəyiqaçılmazdır. Bu isə dolayısı və ya birbaşa Rusiyaya bağlı olan dondurulmuş münaqişələr vasitəsilə Moskvanın Ukrayna, Moldova və Gürcüstana təziqlərinin artacağı deməkdir. Lakin NATO-nun yeni mütəffiqlərini Rusiya qarşısında yanlız buraxmayacağı gözlənir ki, bu da əslində, tərəflərin qarşıdurması deməkdir. Rusiyanın da bu qarşıdurmaya tərəfdarlarını cədb edəcəyi nəzərə alınarsa, belə vəziyyət üçüncü dünya müharibəsinin də başlanmasına gətirib çıxara bilər.

Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov bildirdi ki, Rusiyanın Ukraynaya yaşatdığı problemləri fonunda NATO aktiv hərəkətə keçib: "Təşkilat Ukrayna, Moldova və Gürcüstanı gələcəkdə özünün partnyoru kimi müdafiə etmək üçün aktivləşib. NATO-nun təklifini adları çəkilən ölkələr mütləq qəbul edəcəklər. Gürcüstan aydın məsələdir ki, 2008-ci il hadisələri zamanı məhz NATO-nun dəstəyi sahəsində Rusiyanın kobudluğundan qurtula bildi. Moldova da hiss edir ki, Rusiya çox böyük iddialardadır. Ona görə də Ukrayna hadisələrindən nəticə çıxararaq, Moldova NATO ilə münasibətlərdə aktiv hərəkətə keçəcək. Ümumiyyətlə, bu gün bütün ölkələr dünyada yeganə güc sahibi olan NATO-nun dəstəyindən yararlanmağa çalışırlar. Azərbaycan da nə qədər tez bu məsələdən yararlanarsa, o qədər xeyrimizə olacaq. Azərabycan öz niyyətlərini dəqiq şəkildə açıqlamalıdır. Hər halda Rusiyanın Ukraynaya təcavüzündən sonra bir sıra ölkələr NATO ilə münasibətlərinə yenidən baxacaq. Hətta sonradan bu ölkələrin NATO ilə münasibətlərinin aktiv əməkdaşlıq formasına keçməsi qaçılmazdır".

Üzeyir Cəfərov hesab edir ki, həmin ölkələrin NATO ilə yaxınlığı NATO-Rusiya münasibətlərinə soyuqluq gətirəcək: "Amma böyük toqquşma istisna edilir. Çünki, Rusiya Ukrayna ilə bacarmadısa, böyük hərbi, siyasi güc ilə heç bacarmayacaq. Ümumiyyətlə, biz nədənsə Rusiya faktorunu bir qədər şişirdirik. Düzdür, Rusiya nüvə dövlətidir, amma problemləri də kifayət qədər çoxdur. Həmin problemlərin fonunda NATO ilə açıq konfliktə getməz".

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı bildirir ki, Rusiya-Ukrayna gərginliyi Rusiya ilə Qərb arasında çəkişməni pik nöqtəsinə gətirib: "Ukrayna hadisələri davam edir. Belə bir şəraitdə hələlik NATO ilə Ukrayna, Moldova və Gürcüstanın mütəffiqlik statusunun çərçivəsi ictiamiyyətə bəlli deyil. Hər 3 ölkənin NATO ilə müəyyən əlaqələri olub. Ancaq NATO-nun indiki təklifi nəyi ehtiva edir? Bununla üzvlüyə bir addımmı qalacaq? Bu suallara aydınlıq gətirilməyib. Əgər NATO mütəffqilkdən çərçivəsində yaxın gələcəkdə həmin ölkələrlə əməkdaşlıq nəzərdə tutulubsa, bu, sadəcə regiona deyil, beynəlxalq təhlükəsizlikdə ciddi problemlərə gətirib çıxara bilər. Ona görə də önümüzdəki vaxt ərzində sadəcə, postsovet ölkələsində deyil, beynəlxalq təhlükəsizlik sahəsində də ciddi problemlərin yaşanması ehtimalı daha da arta bilər".

Hatəm Cabbarlı bildirdi ki Azərbaycan çox məntiqli xarici siyasət həyata keçirir: "Qərb-Rusiya gərginliyinə paralel olaraq Azərabaycan mövqeyini daha doğru şəkildə qoruya bilir. Ancaq həmin dövlətlərin NATO ilə mütəffiqliyinin yeni mərhələyə qədəm qoyması Azərbaycana təsirsiz ötüşməyəcək. Ukrayna məsələsində hələ Qərb və Rusiyadan heç biri qəti qələbə çalmayıb. Əgər tərəflərdən biri qəti qələbə qazanarsa, Azərbaycanın xarici siyasətində daha rahat kurs həyata keçirməyə şərait yaranacaq".