Prezident qəbul keçirdi

7 İyul 2014 17:46 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də NATO Dəstək Agentliyinin baş meneceri Mark Laydeni qəbul etmişdir.

 

Görüşdə Azərbaycan ilə NATO arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Azərbaycan Respublikası Prezidentinin NATO-nun baş qərargahına son səfəri və səfər zamanı keçirdiyi görüşlərin əlaqələrimizin inkişafı baxımından önəmi qeyd edildi, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də Gürcüstan parlamentinin sədri David Usupaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.



Dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstan arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyini bildirdi. Parlamentlərimiz arasında əlaqələrin önəmini vurğulayan Prezident İlham Əliyev parlamentlərarası, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın inkişafından məmnunluğunu ifadə etdi. Prezident qanunvericilik sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək, parlamentlər arasında əlaqələrin ikitərəfli münasibətlərimizin inkişafına öz töhfəsini verdiyini bildirdi.



Gürcüstan parlamentinin sədri David Usupaşvili rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərində məqsədin iki ölkə parlamentləri arasında qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsindən ibarət olduğunu bildirdi. Qonaq qarşılıqlı faydalı və strateji münasibətlərimizin qurulması işində deputatların rolunu qeyd edərək, Gürcüstanda yeni seçilmiş parlamentin Azərbaycan ilə bundan sonra da uğurlu əməkdaşlığı davam etdirəcəyini məmnunluqla vurğuladı.