Azərbaycanda mobil telefonlar üçün yeni sistem

8 İyul 2014 10:50 (UTC+04:00)

Azərbaycanın "Dilmanc" proqram təminatı istehsalçısı mobil telefonlarda şifahi nitqi və mətnləri Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilən "Dilmanc Translator" tərcümə proqramının yeni versiyasını təqdim edib. Trend xəbər verir ki, bu barədə "Dilmanc"ın bazar ertəsi yaydığı məlumatda deyilir.

Tərtibatçıların sözlərinə görə, bu versiyada əsas yenilik Azərbaycan dili üçün nitqin tanınması (şifahi nitqin yazıya çevrilməsi) sisteminin keyfiyyətinin artırılması və bəzi mobil telefonlarda tanımanın işləməsi ilə bağlı çətinliklərin aradan qaldırılmasıdır.

Qeyd edək ki, "Dilmanc Translator" proqramı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəklədiyi "Dilmanc" layihəsi çərçivəsində hazırlanır və tamamilə ödənişsiz yayılır. İstifadəyə verildiyi 6 ay ərzində istifadəçilər arasında böyük populyarlıq qazanaraq 70 min dəfəyə yaxın köçürülüb. Proqram hələlik yalnız "Android" platformasında işləyir. Proqram tamamilə ödənişsiz yayılır və Google Play Store-da "Dilmanc Translator" axtarmaqla "Android" bazasında işləyən smartfonlara yüklənə bilər.

Layihə rəhbəri Əbülfət Fətullayev proqramın iOS və Windows Phone üçün hazırlanması, həmçinin yeni tərcümə istiqamətlərinin əlavə edilməsi üzərində işlər getdiyini bildirib.