Çala-çökək yollar…

8 İyul 2014 11:13 (UTC+04:00)

Bakının mərkəzi magistral yolları mövcud tələblərə, standartlara cavab versə də, şəhər mərkəzindən uzaqlaşdıqca, heç də bütün qəsəbə, kənd yollarında eyni şəraiti görmək mümkün deyil. Bundan başqa, paytaxtda bəzi küçə və prospektlərdə çala-çuxurların əmələ gəlməsi ilə tez-tez rastlaşırıq. Bunun əziyyətini isə daha çox sürücülər çəkirlər. Kiminin avtomobili xarab olur, kiminin də bu səbəbdən yollarda yaranan tıxaclarda əsəbləri korlanır. Nəzərə çatdıraq ki, yolların salınması, buna nəzarət bir neçə dövlət orqanı tərəfindən həyata keçirilir. İndiki halda təklif olunur ki, bütün bu işlər sırf bir qurumun tərkibinə verilsin. Ekspertlər Movqe.a-a açıqalamalarında məsələyə münasibət bildiriblər. 

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyir ki, bu gün ölkəmizdə yolların tikintisi təmiri ilə bağlı kifayət qədər iş görülür. Lakin bütün problemlərin birdən aradan qalxması mümkün deyil: "Gözləmək olmaz ki, Azərbaycanda bir il ərzində bütün yollar beynəlxalq standartlara cavab versin. Biz son 10-12 ilin yol infrastrukturunun yaxşılaşdırılması ilə bağlı görülən işlərə baxsaq, həyata keçirilən dövlət proqramlarına nəzərə salsaq, görərik  ki, vaxtaşırı respublikanın müxtəlif ərazilərində yolların qurulması, yol infrastrukturunun yaxşılaşdırılması, yeni yolların çəkilməsi kimi məsələlər öz həllini tapır. Təbii ki, bunların hamısını eyni vaxtda, eyni şəkildə eləmək çox çətin məslədir.Ən azından nəzərə alsaq ki, bu vəsait dövlət büdcəsindən xərclənən vəsaitdir. Bundan başqa Dünya Bankının verdiyi uzunmüddətli kreditlər var. Bunlar bütövlükdə bir neçə illik dövrü əhatə edən təkmiləşmə işləridir.  Şahidi oluruq ki, ölkə Prezidenti daim bu və ya digər ərazilərdə yolların qurulması ilə, təkmilləşdirilməsi ilə bağlı sərəncamlar verir. 

Məsələn, son sərəncam Şəki şəhərinin  Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi ilə bağlıdır. Azərbaycanda minlərlə belə yaşayış məntəqəsi var və kifayət qədər böyük ərazini əhatə edir. Təbii ki,  hamsını eyni vaxtda təmir etmək çətin məsələdir. İlin sonuna kimi, yəqin ki, yenə sərəncamlar olacaq. Bu da aşağı-yuxarı 100-dən artıq kənd məntəqələrinin yeni yollarla əlaqələndirilməsi, kəndlər arasında yeni yolların tikintisini nəzərdə tutan  bir məsələdir". 

Ekspert yolların tikintisini, bu işə nəzarəti konkret bir quruma verilmsinin mümkün olduğunu desə də, hesab edir ki, mövcud qurumlar işləri layiqincə görsə, bu, problemlərin həllinə çarə olar: "İşin hansı quruma verilməsi, nə qədər vəsait ayrılması da sərəncamlarda öz əksini tapır. Məsələn, son sərəncamdan da bəlli olur ki, iş Şəki şəhər İcra Hakimiyyətinə verilmişdir və bura 3.3 milyon vəsait ayrılıb. İcra hakimiyyətindən əlavə, bu işlə Nəqliyyat Nazirliyi də, "Azəryolservis" də məşğul olur. Əgər bir qurum yolun tikintisi ilə məşğul olursa, digəri ona nəzarət edir. Üçüncüsü yolun keyfiyyətinə görə məsuliyyət daşıyır. Düzdür, bunlar hamısı bir orqana verilə bilər. Amma düşünürəm ki, istənilən halda bu gün dövlət qurumlarının üzərində olan işlər, vəzifələr, sərəncamda da öz əksini tapdığı kimi layiqincə həyata keçirilsə, bu kifayət edər. Eyni zamanda gündən-günə texnologiya inkişaf edir. Yeni yollar, prospektlər ortaya çıxır. Ola bilər ki, bir müddət sonra məsələyə daha mərkəzləşmiş şəkildə yanaşılsın. Lakin indiki şəraitdə hesab edirəm ki,  bu gün Azərbaycanda elə bir vəziyyət yetişməyib ki, hansısa kəskin dəyişikliyə nail olaq". 

Müstəqil Nəqliyyatçılar Birliyinin sədri Natiq Ələkbərov da hesab edir ki, yolların inşası və ona nəzarət  üçün Azərbaycanda kifayət qədər qurum var: "Ayrıca bir qurumun yaradılmasına isə ehtiyac yoxdur". 

Çala-çuxurlu yollar isə indilikdə sürücülərə təkcə maddi ziyan vurmur. Həm də nəqliyyatın hərəkət sürətinin azalmasına və tıxacın yaranmasına səbəb olur. Mövcud qanunvericilik isə hər bir sürücüyə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ verir.