Əcnəbilərlə qurulan uğursuz nikahlar

8 İyul 2014 11:22 (UTC+04:00)

Aparılan araşdırmalar Azərbaycanda xarici vətəndaşlarla bağlanmış nikahlar zamanı boşanmaların sayının artan xətt üzrə inkişaf etməkdə olduğunu göstərir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən  ə verilən məlumata görə, 2012-ci ildə belə boşanmaların sayı 146 olduğu halda, 2013-cü ildə 211 olub. Xarici vətəndaşlarla bağlanmış nikahlar zamanı boşanmaların sayı ötən ilə nisbətən 44,5 faiz artıb

Əvvəlki illərdə isə bu boşanmaların sayı daha az olub. Azərbaycanda 2009-cu ildə xarici vətəndaşlarla bağlanmış nikahlar zamanı 75, 2010-cu ildə 78, 2011-ci ildə 76 boşanma halı qeydə alınıb. Ümumilikdə ötən il ölkədə 86 892 nikah bağlanıb ki, onun da 2780-i xarici vətəndaşlarla olub. Rəqəmlərin müqayisəli təhlili əcnəbilərlə bağlanan nikahın heç də əhmişə etibarlı və uzunömürlü olmadığıın üzə çıxarır. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Movqe.az-a xarici vətəndaşlarla bağlanan nikahlardan boşanma hallarının artmasının səbəblərindən danışıb. Onun sözlərinə görə, Azərbaycan qadınlarının xarici və ya Azərbaycanda vətəndaşlığı olmayan şəxslərlə qurduğu nikahlar içərisində birinci yeri  Rusiya və ya Gürcüstan vətəndaşı olan azərbaycanlı kişilər tutur. İkinci yerdə Türkiyə vətəndaşları durur. Sonra isə digər ölkələr.  Bu cür nikahlardan boşanma hallarının bir çox səbəbləri ola bilər: "Məsələn, başqa ölkədə yaşamağa uyğunlaşa bilməmək, başqa ölkənin, millətin adət-ənənəsini qəbul edə bilməmək və yaxud da sadəcə olaraq, xarakter uyğunsuzluğu. Səbəblər müxtəlifdir. Hər bir ailənin özünəməxsusluğu olduğu kimi, boşanma amilləri də hər ailəyə məxsus özəl səbəblərdən ola bilər. Bu, individual xarakter daşıyır. Amma qeyd etmək lazımdır ki, uğurlu nikahlar da var".

Aynur Sofiyeva xarici vətəndaşlarla olan nikahların sayının ümumi nikahların içərisində elə də çox olmadığını vurğulayaraq belə nikahlardan boşanma hallarının da hər hansı ciddi demoqrafik problem yaradacığının gözlənilmədiyini dedi: "Uğursuz nikahların sayı isə elə də böyük göstərici deyil. Azərbaycanda 2013-ci ildə 86852 ümumi nikah olubsa,  bunun cəmi 2780-i əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış nikahlardır. Bu, elə böyük rəqəm deyil ki, bu nikahlardan pozulmuş ailələrin sayı demoqrafiyaya təsir etsin. Bu cür nikahlardan boşanmaların sayı 2012-ci ildə 148 olubsa, 2013-cü ildə 211 olub. Bu da elə böyük fərq deyil. Sadəcə olaraq,  bir məsələ var ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış nikahların rəsmi qeydiyyatdan keçməsi məsələsi. Əvvəllər buna bir qədər önəm verilmirdisə, indi  aparılan maarifləndirmə, təbliğat işlərinin nəticəsi olaraq bağlanan nikahların rəsmiləşdirilməsi, sənədlərin qaydasında olması məsələsinə çox ciddi önəm verilir. Ona görə də düşünmürük ki, bu prosesin özü hansısa demoqrafik problemə gətirib çıxara bilər. Bəlkə də bu təhlükə başqa ölkədə ola bilər. Amma indiki şəraitdə Azərbaycan üçün elə də real deyil".

Sosioloq Rafiq Təmrazov isə əksinə, boşanmaların istər-istəməz müəyyən demoqrafik problemlərə yol açacağını düşünür: "Ailə cəmiyyət üçün çox mühüm təsisatdır. Ümumiyyətlə, cəmiyyətdə baş verə biləcək istənilən proses dəyişiklik formasında öz təsirini göstərir. O mənada, demək olmaz ki, istər yerli, istər xarici vətəndaşlarla olan nikahlardan boşanmalar hansısa problemi yaratmayacaq. Problemlər öz-özlüyünə mütləq yaranır. Məsələn, əgər həmin ailələrdə uşaq dünyaya gəlibsə, boşanma ən çox uşaqlara təsir edir. Bu təsir həm maddi durum, həm də psixoloji durumla bağlı ola bilər. Boşanmalara səbəb isə çox şey ola bilər. Məsələn, təhsil səviyyəsində və dünyagörüş baxımından, xarakter baxımından uyğunsuzluq və s. bunun kimi çox müxtəlif amillər boşanmaya gətirib çıxara bilir.  Boşanandan sonrakı həyat isə Azərbacanda qadınlar üçün daha çətin olur. Həm ictimai münasibət, həm müxtəlif maddi tələbatların ödənilməsi, uşaqlar varsa, onları böyütmək və s. kimi problemlər ortaya çıxır.  Eyni zamanda demoqrafik baxımdan da müəyyən problemlər ortaya çıxır. Məsələn,  cəmiyyətdə boşanmış şəxslərin sayı artır, atasından ya anasından uzaq düşən uşaqlar çoxalır və s".