Qiymətli kağızlar bazarına xarici maraq artır

6 İyul 2012 09:00 (UTC+04:00)

Qərb ölkələrində mövcud iqtisadi böhran bu ölkələrdə qiymətli kağızlar bazarına ciddi zərbə vurub. Elə bu səbəbdən investorlar bu bazardan sərmayələrini çıxararaq başqa ölkələrə yönəldirlər. Araşdırmalar göstərir ki, aparıcı fond bazarlarına etimadlarını itirən investorların inkişaf etməkdə olan ölkələrin qiymətli kağızlar bazarına diqqəti artmağa başlayıb. Beynəlxalq Valyuta Fondunun ekspertləri də buun təsdiq edirlər.

Azərbaycan bazarı da xarici sərmayədarların diqqətindədir. Bakı Fond Birjasında əməliyyatların sayı artıb. 2012-ci ildə birjada rekord həcmdə əməliyyatlar gözlənilir.

Lakin ekspertlər onu da qeyd edir ki, bütün dünyada qiymətli kağızlar bazarı yüksək şəkildə inkişaf etsə də, Azərbaycanda bu sahədə ölkə bazar iqtisadiyyatına daxil olsa da, hələ də böyük problemlər var. Məsələn, xarici ölkələrdə müxtəlif indekslər mövcuddur. Bu indekslər əsasında şirkətlərin səhmlərinin ucuzlaşması və yaxud da artması müəyyən olunur. Analoji proses isə ölkəmizdə lazımi həddə inkişaf etməyib.

Düzdür, bəzi ekspertlər isə vurğulayır ki, ölkəmizdə, az da olsa, qiymətli kağızlar bazarı fəaliyyət göstərir və inkişafdadır. Onu da bildirək ki, antiinhisar və antiböhran fəaliyyətinin qarşısını almaq üçün də qiymətli kağızlar bazarı təcrübəsindən istifadə olunur. Elə müəssisələr var ki, artıq onların səhmləri də var, çeklər də buraxılıb. Rəsmi dairələr bildirir ki, bu gün Azərbaycan bazarına xarici və daxili investorlar tərəfindən ciddi maraq var. Bu artan maraq isə qlobal maliyyə bazarlarındakı dalğalanmalar fonunda Azərbaycan iqtisadiyyatının stabilliyi və dayanıqlığı ilə əlaqəlidir. İqtisadçı ekspertlər onu da bildirir ki, Azərbaycan valyuta bazarı regionda ən iri və sabit bazardır. O da vurğulanır ki, Azərbaycanın regional mərkəz olma imkanları çox böyükdür. Onu da qeyd edək ki, bir çox inkişaf etmiş ölkələrin dövlət büdcəsinin 3-də biri, yəni 30 faizi birjalarda yaranır. Bu bazar real sektora və iqtisadiyyata təsir imkanlarına malikdir. Bu bazar inkişaf edirsə, iqtisadiyyatın inkişafına və kooperativ idarəetmənin inkişafına səbəb olur. Bu da səhmdar cəmiyyətlərin daha çox vəsait cəlb etməsinə və əhalinin səhmdar rolunda çıxış edərək gəlirlərinin artmasına səbəb olur.

Xatırladaq ki, ötən il prezident İlham Əliyev tərəfindən "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramı təsdiq edilib. Burada nəzərdə tutulan tədbirlər planına qiymətli kağızlar bazarının institutsional inkişafı, kollektiv investisiya sxemlərinin və maliyyə vasitəçiliyinin fəaliyyətinin təşviqi, qiymətli kağızlar bazarında tələb və təklifin dəstəklənməsi, korporativ idarəetmənin və maliyyə şəffaflığı prinsiplərinin tətbiqinin genişləndirilməsi, bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi, məlumatlandırmanın və peşəkar kadrların hazırlanmasının artırılması daxildir. Dövlət Proqramında qeyd olunan birinci istiqamət üzrə 10 il ərzində fond birjasının təşkilati və hüquqi strukturunun beynəlxalq standartlara uyğunlaşdırılması, yeni ticarət sisteminin tətbiqi nəzərdə tutulur. Bu, baza və törəmə maliyyə alətlərinin ticarət imkanlarını genişləndirməyə imkan verəcək.

Ölkənin Mərkəzi Bankı (AMB) ilə birlikdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2012-2014-cü illərdə qiymətli kağızların girov təminatı prosedurunun avtomatlaşdırılması və optimallaşdırılması üzrə tədbirlər keçirəcək, 2013-2016-cı illərdə isə birjadankənar mütəşəkkil qiymətli kağızlar bazarının əməliyyat-hesablama sisteminin klirinq sisteminə inteqrasiyası təmin ediləcək. Bundan başqa, digər istiqamətlər üzrə də tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Avrobondların buraxılışı isə qiymətli kağızlar bazarının inkişafına yeni təkan verəcək.