Dini ekstremizmlə mübarizədə Dövlət Proqramı…

9 İyul 2014 08:50 (UTC+04:00)

Son zamanlar dini ekstremizm təhdidinin artması bütün dünyada özünü qabarıq formada bürkzə verir. Radikal dini qruplaşmalar bu və ya digər ölkədə din pərdəsindən məharətlə yarralanmaqdadır. İraq, Əfqanıstan, Suriya kimi ölkələrdə bunun real təsdiqini görmək olar. Bu ölkələrdə dini ekstremist qüvvələrin tərkibində vuruşanlar arasında təəssüf ki, azərbaycanlılar da var. Bu mənada bəzi ekspertlərin qənaətincə, dini ekstremizmə qarşı qabaqlayıcı addımlar atılmalıdır. Bu əsasda da belə təkliflər səslənir ki, dini ekstremizmə qarşı mübarizə üçün Dövlət Proqramı işlənib hazırlanmalıdır.

Şərqşünas Seyid Camal Əzimbəyli düşünür ki, sözügedən stiqamətdə dövlət proqramının işlənib hazırlanması zəruridir: "Dini ekstremizmlə mübarizə üçün Dövlət Proqramının hazırlanması istiqamətində ilk olaraq müraciət edənlərdən biriyəm. Bununla bağlı cənab Prezident və Milli Təhlükəszlik nazirinə də müraciət ünvanlamışam. Azərbaycanda dini ekstremist qüvvələrin zərərsizləşdirilməsi üçün lazım gələrsə, hətta antiterror əməliyyatı həyata keçirilməlidir. Bundan öncə isə ölkədə vahid din konsepsiyası hazırlanmalıdır. Dini ekstremist təhlükənin olmadığını aşılamaq istəyən şəxslər əslində, Azərbaycanı istəməyən adamlardır. Bu insanlar Azərbaycanı gözləyə bilən dini, məzhəblərarası qarşıdurmanı göz önünə almayanlardır. Dağlıq Qarabağ məsələsini Prezidentin apardığı uğurlu siyasət və xalqın gücü ilə həll etmək mümkündür. Konkret olaraq düşünürəm ki, dövlətin dini ekstremizmə qarşı mübarizə planı sistemli şəkildə işlənməlidir. Yerlərdəki ekstremist güc mərkəzləri, onları dəstəkləyən mərkəzlər dövlət tərəfindən ifşa olunmalıdır. Bununla bərabər dövlət əhali arasında ciddi maarifləndirmə işləri aparmalıdır. Azərbaycanda özündən başqa hamını kafir elan edən qüvvələr ifşa olunmaqla yanaşı, lazım gəlsə, bu istiqamətdə ən sərt addımlar da hayata keçirilməlidir ".

Millət vəkili Fərəc Quliyev isə belə bir proqrama ehtiyac görmədi: "Düşünürəm ki, dini ekstremizmə qarşı bir proqramdan söhbət getməli deyil. Ümumiyyətlə, ölkəmizdə ekstremizmə qarşı mübarizə aparılmalıdır və aparılır. Bu istiqamətdə proqram da mövcuddur. Amma din pərdəsi adı altında ölkədə destabilizasiya yaratmaq, onun imicinə xələl gətirən hərəkətlərə yol verilirsə, məsələn, gedib xaricdə döyüşmək, ya da ölkə daxilində təriqətlərarası qızışdırmalar olursa, artıq bu istiqamətdə təbii ki, profilaktik tədbirlərin görülməsinə ehtiyac vardır. Gərək orta məktəblərin yuxarı sinifləri və ali məktəblərdə bütün dinlər tədris olunsun, təriqətlər tanıdılsın ki, ekstremist qüvvələr də gəncləri yoldan çıxara bilməsin. Din və dövlət ayrıdır, amma mənəviyyat olmadan da cəmiyyət ola bilməz. Ölkəmizdə tolerantlıq hökm sürür, hər kəs istədiyi dinə sitayiş edir. Məscid, sinaqoq, kilsələr yan-yana fəaliyyət göstərir. Kimsə də buna maneəçilik etmir. Amma din pərdəsi adı altında siyasi ambissiyaları gerçəkləşdirmək istiqamətində işlər görülürsə, bunun qarşısı alınmalıdır. Hətta xarici dövlətlər bu tip məsələlərdən istifadə edərək, ölkəni sarsıtmaq istəyirsə, bu, artıq ekstremizm, separatçılıq, ölkənin daxili işlərinə qarışmaq sayılacaq və onun qarşısı alınmalıdır. Lakin bunun üçün xüsusi proqram işləməkdən daha çox, dini tanıtmaq və ondan məkrli niyyətlə istifadə olunmasına çalışanları da ifşa etmək lazımdır. Zənnimcə, Azərbaycan təhlükəsizlik orqanları bu istiqamətdə mükəmməl işləyir və onların belə proqramları var. Ona görə də yeni proqrama ehtiyac olduğunu düşünmürəm".