Bu gün ölkə iqtisadiyyatı dinamik şəkildə inkişaf etsə də, müəyyən problemlərin mövcudluğu danılmaz həqiqətdir. Belə problemlərdən biri də ixtisaslı kadr çatışmazlığıdır. Qeyd edilən hal ölkə regionlarında özünü daha qabarıq surətdə büruzə verir. Araşdırmalar göstərir ki, regionlarımızda ixtisaslı kadr çatışmazlığı problemi paytaxtla müqayisədə daha daha dərindir. Belə ki, ixtisaslı kadrların əksəriyyəti bir qayda olaraq Bakıda iş tapmağa, həyatlarını burda qurmağa çalışırlar.
İqtisadçı Məhəmməd Talıblı buna
səbəb kimi kardların regionlarda öz karyeralarını genişləndirmələri
üçün paytaxtla müqayisədə daha az imkan olmasını göstərir.
İqtisadçı məsələ ilə bağlı Movqe.az-a açıqlamasında bildirir ki, bu
gün ümumiyyətlə, ixtisaslı kadrların yetişdirilməsi təkcə
regionlar üçün yox, elə paytaxt üçün də vacibdir: "Burda
xeyli sayda şirkətlər, dövlət qurumları var ki, onlar ixtisaslı,
yüksək rəqabətə davamlı kadrların əldə olunması üçün xeyli
çalışmalı olurlar. Məsələn, təhsil müəssisələri ilə əlaqələr
yaradılır ki, ixtisaslı kadrları əldə etsinlər. Amma regionlarda bu
problem şiddətli formada özünü göstərir. Çünki, əvvəla təhsil
müəssisələri daha çox paytaxtda yerləşdiyi üçün burada təhsil
alandan sonra, demək olar ki, regionlardan gələn əhalinin çox
hissəsi rayonlara qayıtmır. Bir çox halarda onlar aşağı əmək
haqqı ilə olsa belə, Bakıda qalmağı üstün tuturlar və burda
işləyirlər. Çünki regionlarda həmin kadrların karyera
imkanları böyük olmur. Eyni zamanda onların orta aylıq əmək
haqları, aylıq gəlir və qonorarları yüksək olmur. Nəticə olaraq da
əmək resursları daha çox paytaxtda cəmləşir. Regionlarda fəaliyyət
göstərən kadrlarda isə ixtisas dəyişməsi, təkmilləşdirilməsi,
təcrübə mübadilələri kimi mexanizmləri demək olar ki
aparılmır. Onlar ünsiyyətdən kənar qaldıqlarından passivləşirlər.
İxitsas artımı getmir. Ona görə də regionlarda olan bəzi
dövlət qurumları, şirkətlərdə işləyənlərin bir hissəsi kompüterin
elementar proqramlarından istifadə etməyi də bilmir".
Ekspert məsələnin həlli üçün dövlət qurumları vasitəsilə regionlarda müxtəlif ixtisasartırma proqramlarının həyata keçirilməsini təklif edir: "Əgər kadrlar üçün regionlarda karyeralarını artırmaq imkanı olsa, bəlkə də bu problem həllini tapar. Amma indki halda insanlar regionlarda işləməkdən uzaq qaçırlar. Çünki bilirlər ki, rayonlarda çalışmaq onların əldə etdikləri biliklərlə karyeralarını inkişaf etdirməyə hələ tam imkan vermir. Əgər imkan olsa belə, bunlardan istifadə fürsətlərinin dəyərləndirilməsi yoxdur. Ona görə də, məhz regionlarda bu cür kadrların rəqabətə davamlılıq imkanı da aşağı səviyyədədir".
Əmək Hüquqları Liqasının sədri
Sahib Məmmədov isə deyir ki, məsələnin həlli üçün ilk növbədə
ölkədə təhsillə bağlı problemləri həll etmək lazımdır. Daha sonra
müxtəlif stimullaşdırıcı addımlar atıla bilər: "Hesab edirəm ki,
əvvəlcə ixtisaslı kadrları hazırlamaq lazımdır. Ali təhsil şərt
deyil. Bu gün Azərbaycanda texniki peşə təhsili lazımi səviyyədə
deyil. İxtisaslı fəhlələr hazırlanmır. Əsas problem verilən
təhsillə bağlıdır. Təhsil məsələsi həll olunduqdan sonra ixtisaslı
kadrları regionlara cəlb etmək üçün yollar axtarıla bilər. Bunun
üçün müxtəlif ölkələrdə müxtəlif təcrübələrdən istifadə olunur.
Əmək haqqının artırılması, torpaq sahələrinin, bundan əlavə mənzil
verilməsi, bəzən vergi güzəştləri və s. bu cür stimullaşdırıcı
addımlardan ola bilər. Azərbaycanda müəllimlər üçün torpaq
sahəsinin ayrılması nəzərdə tutulmuşdu. Amma sonradan reallaşmadı.
Bu təcrüələrin hamısı reallaşdırıla bilər. Bundan əlavə,
rayonlarda infrastrukturun yaxşılaşdırılması da şərtdir. Əgər
güzəştlər olunarsa, düşünürəm ki, kadr çatışmazlığı problemi
müəyyən dərəcədə həllini tapar".