TQDK monitorinqlər keçirəcək
6 İyul 2012 12:00 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası (TQDK) plagiat orta məktəb dərslikləri ilə bağlı
monitorinqlər keçirəcək. Bu barədə APA-ya müsahibəsində TQDK sədri Məleykə
Abbaszadə orta məktəb dərslikləri arasında Rusiya nəşrlərindən
köçürmələrin olması ilə bağlı suala cavab verərkən bildirib.
O deyib ki, TQDK-nın indiyədək apardığı araşdırmalar zamanı da orta
məktəb dərsliklərində müəyyən fənlərlə və müəyyən hissələrlə
əlaqədar plagiat aşkar olunub: "Biz bunu müəlliflərə deyirdik,
müəlliflər etiraf etmirlər. Plagiat olmasın deyə, müəllif gərək
yazsın ki, bu mətn filan dərslikdən və ya ədəbiyyatdan götürülüb.
Özünü olduğundan ağıllı, olduğundan alim göstərmək gülməlidir.
İnsanın zəkasında nəyi varsa var, yoxdursa yoxdur. Biz məqsəd
qoymuruq ki, plagiatı aşkar edək. Çünki bununla əlaqədar xüsusi
dövlət qurumu, Müəllif Hüquqları Agentliyi var. Amma elmdə plagiat
ayıb və gülməli bir işdir. Müəyyən məşhur alimlərin məşhur
dərslikləri var. Müəyyən klassik dərsliklər var ki, onların
üzərində işləmək lazım deyil, çünki onları bundan yaxşı yazmaq
mümkün deyil. Onları sadəcə Azərbaycan dilinə tərcümə etmək
lazımdır. Monitorinq komissiyası orta məktəb dərslikləri ilə
əlaqədar işləyəcək. Təbii ki, dərsliklərdəki plagiat faktları ilə
əlaqədar məsələləri qaldıracağıq. Tam plagiat dərsliklərlə əlaqədar
biz müvafiq agentliyə müraciət edəcəyik".
TQDK sədri bu günlərdə mətbuatda Təhsil Nazirliyinin şöbə müdiri
Təranə Hacıyevanın "Pedaqoji testlərin nəzəriyyə və praktikasına
giriş" adlı dərsliyinin də plagiat olması ilə bağlı yayılan
məlumatlara da münasibət bildirib: "Bu dərslik deyil,
monoqrafiyadır, metodiki vəsaitdir. Onun tamamilə plagiat olduğu
ictimaiyyətə məlum oldu, bizə isə çoxdan məlum idi. Mən nə deyə
bilərəm, ictimaiyyət özü bu fakta qiymət versin. Bu faktı konkret
sahə üzrə özünü mütəxəssis kimi təsdiq etmək üçün əsassız ambisiya
hesab etmək olar".
M. Abbaszadə deyib ki, ölkə prezidentinin sərəncamı ilə orta
məktəblərdə dərsliklərin monitorinqinin keçirilməsi də TQDK-ya
həvalə edilib. Dərsliklərin monitorinqi ilə əlaqədar artıq TQDK-da
ayrıca bölmə yaradılıb: "Biz öz təkliflərimizi Dövlət Qulluğu
Məsələləri üzrə Komissiyaya vermişik ki, onlar həmin şöbələrin
vakant yerlərinə qəbul elan etsinlər. Bu yaxınlarda mən həmin
şöbəyə müdir təyin etməyi planlaşdırıram. Amma bu şöbənin işi
sentyabrdan başlayacaq. İlk əvvəl dərsliklərin monitorinqi
qaydaları, hüquqi normativ baza hazırlanacaq. Biz bu qaydaları
Ədliyyə Nazirliyinə göndərib qeydiyyata salacağıq. Hazırda istifadə
olunan dərsliklərin monitorinqini biz həmişə aparırdıq. Çünki
dərsliklərdə olan məzmun imtahanın məzmununa çox böyük təsir
göstərirdi. Amma eyni zamanda monitorinq qaydaları yeni
dərsliklərə, didaktik, metodik vəsaitlərə də aid olacaq. İndiyədək
ancaq imtahan aparılan dərsliklərin monitorinqini keçirirdik, amma
indi bütün fənlər üzrə, o cümlədən I-IV siniflərin dərsliklərinin
də monitorinqi aparılacaq. Bu müddət ərzində bir çox görkəmli
alimlərlə söhbətim olub. Yeni kurrikulum və dərsliklərlə əlaqədar
onların da fikirləri mənə çox vacib idi. Xüsusən də Azərbaycan
dilinin tədrisi ilə əlaqədar nöqsanları aradan götürmək üçün
müzakirələrə ehtiyac var".