Çörəyin qiyməti ətrafında yeni ajiotaj

10 İyul 2014 08:26 (UTC+04:00)

Artıq bir neçə gündür ki, paytaxtın topdansatış mərkəzlərində unun bahalaşması halları müşahidə olunur.

50 kiloluq kisənin qiymətində 30-60 qəpik arasında artım var. Bahalaşmanın əsas səbəbi kimi dünya bazarında unun və buğdanın qiymətinin artması göstərilir. Digər bir narahatçılıq isə bundan sonra çörək başda olmaqla un məmulatlarının qiymətində artımların ola bilməsidir. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirir ki, bahalaşma bir müddət əvvəldən baş verib: "Sadəcə, məsələyə diqqəti indi artırıblar. Bahalaşma ona görə baş verib ki, bir müddət əvvəl dünya bazarında ərzaq buğdasının qiymətinin qalxması müşahidə edildi.

Bu fonda "taxıl ili"nə də nəzər salmaq lazımdır. "Taxıl ili" bizim təqvim ilindən fərqlidir. İyul ayının əvvəlindən başlayır, növbəti ilin iyulun sonuncu günündə bitir. 2013-2014-cü illərin yekununda dünya bazarında qiymət anidən sürətlə düşdü. Mart-aprel aylarında isə qalxmışdı. Bu artımhəm Qara dəniz ətrafında baş verən hadisələrlə bağlı idi, həm də xəbər yayılmışdı ki, ABŞ və Yaxın Şərqdə quraqlıq gözlənilir. Bu informasya birjalarda ajiotaj yaratmışdı. Fransa, Çikako və London birjalarında qiymət təxminən 20% qalxdı. Qiymətlərin qalxması isə öz növbəsində bütün dünya ölkələrində buğdanın və unun qiymətinə təsir etdi. O cümlədən Azərbaycanda da qiymətlər qalxdı. Çünki, bizə un idxal olunur. Düzdür, Qazaxıstan və Rusiyada qiymət elə də dəyişməmişdi. Rusiyada qiymət ona görə dəyişmədi ki, Rusiya öz buğdasını dünya bazarına çıxarmaqda çətinlik çəkdi. O da Qara Dəniz ətrafında baş verən hadisələrlə bağlı idi. Lakin dünya bazarına Rusiya buğdasını çıxardıqdan sonra 5% qiymət düşdü. Yəni, əvvəl qiymət 20% qalxmışdısa, sonra 5% düşdü. Nəhayət "taxıl ili"nin yekununda – iyunun əvvəllərində dünya bazarında qiymətlər 10% düşdü. Yəni, o deməkdir ki, bu gün dünya bazarında qiymətlər 5% qalxıb. Hökumət də unun qalxması barədə məlumatın sızmamasında maraqlıdır. Bu informasiya un istehsalçılarının diqqətini cəlb edə bilər. Onlar çalışarlar ki, unun qiymətini artırsınlar. Bu da yeni bir artım tsikli yaradar".

Ekspert əlavə etdi ki, hazırda Çində, Hindistanda məhsul artıb: "Bunlar nəhəng ölkələrdir. Həm də bu il Rusiya informasiya verir ki, 10%, istehsalı artacaq. Eyni zamanda Qazaxıstanda da artım gözlənilir. Ancaq daha dəqiq məlumatı avqust ayında əldə edəcəyik. Çünki, avqust ayında ABŞ-ın nə qədər məhsul istehsal etdiyi bəlli olacaq. ABŞ dünyanın ən çox taxıl ixrac edən ölkəsidir. Yəni, ABŞ-ın dünya bazarına çıxardığı məhsul dünya bazarında qiyməti tam müəyyən edir. Ondan sonra həqiqətən artımın olub-olmamasını müəyyən edəcəyik. Dünya taxıl birjları spekuliyasiya ilə həmişə məşğul olub. Bu gün ötən ilə nisbətən qiymət 5% qalxıb. Lakin avqustun son günlərində dünya bazarında gələcək qiymətlə bağlı tam mənzərə aydın olacaq".

Ekspert bildirdi ki, hökumət çörəyin və un məhsullarının qiymətini ciddi nəzarətdə saxlayır: "Artıq bir neçə böyük çörək zavodları təhvil verilib. Bu nəhəng qurumlar fərqli formada daha çox gəlir əldə edə bilirlər. Yəni, onların istehsal etdiyi çörəyin çeşidi çox müxtəlifdir. Həmin çörək növünü isə daha çox imkanlı ailələr istehlak edir. Lakin dövlət "zavod çörəyi"nin qiymətini stabil saxlamağa məcburdur. On görə də yalnız "zavod çörəyi" istehsal edən sahibkarlara ziyan dəyə bilər. Amma onlar məcbur qalıb çörəyi ucuz satsalar, gələcəkdə böyük şəhərlərimizin çörəklə bağlı problemi ola bilər. Ona görə də hökumət kiçik sexlərin sıradan çıxmaması üçün çörəyin qiymətini saxlamaqda onlara təzyiq etəməməlidir. Hansısa formada onlara yardım etmək lazımdır. Çünki, çörəyin qiymətinin qalxma ehtimalı var. Biz özümüzü tam olaraq ərzaq buğdası ilə təmin edə bilmədiyimiz üçün idxaldan asılıyıq. Digər ölkələrdə qiymətin necə olacağını gözləyirik. Taxıl və un bizə yaxın olan ölkədən gətirilərsə, ucuz başa gəlir. Bu da Rusiya və Qazaxıstandır. Əgər bu ölkələrdə qiymət qalxarsa, başqa çıxış yolumuz yoxdur. ABŞ, Kanada, Brazilyadan taxıl ixrac edə bilmərik".