Ən sağlam qidalanan ölkələr

10 İyul 2014 10:26 (UTC+04:00)

Böyük Britaniyanın Channel 4 telekanalı müxtəlif ölkələrdə insanların qidalanması ilə bağlı proqramlar seriyasını yekunlaşdırıb. Jurnalistlər Cimmi Doerti və Keyt Kilton bir çox ölkələrdə olub və orta statistik vətəndaşın qida statistikasını toplayıb, dietoloqlar isə bu məlumatları analiz edərək ölkələr üzrə sağlam qidalanma reytinqini tərtib ediblər.

Gözlənilmədən birinci yerə meyvə bağları və geniş çəmənlikləri olmayan kiçik şimal ölkəsi İslandiya çıxıb. Qeyd edək ki, İslandiyada fəst-fud populyar deyildir, mağazalardakı məhsulların keyfiyyəti isə əladır.

Islandiya sakinləri çoxlu təzə balıq, keyfiyyətli ət və süd məhsulları ilə qidalanırlar. Burada şəkərin istehlakı çox azdır.

Italiya və Yunanıstan - Aralıq dənizi pəhrizlərinin vətəni ikinci və üçüncü yeri tutub. Ən yaxşı qidalanan ölkələr sırasına həmçinin Yaponiya, İsveç, Norveç, Danimarka, Panama, Fransa, İspaniya və Hollandiya da düşüblər.

Ən qeyri-sağlam qida isə Marşall adalarında aşkar edilib. Bu adaların sakinləri tam olaraq ABŞ-dan gətirilən qidadan asılıdırlar.