Azərbaycanda da köklükdən əziyyət çəkənlərin sayı artır

10 İyul 2014 12:51 (UTC+04:00)

Əsasən Qərb ölkələrində özünü göstərən piylənmə problemi tədricən Azərbaycana da ayaq açmaqdadır. Köklükdən, piylənmədən əziyyət çəkən insanların sayının artması da qeyd edilənlərin real təsdiqi sayıla bilər.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da köklüklə mübarizə aparmaq üçün daha çox dərman preparatlarından istifadə olunur. Apteklərdə də bu faktı təsdiq edirlər. Həkimlər dərman preparatlarından kor-təbii istifadəni qəbuledilməz hesab edirlər. Çünki bu, əks-effekt verə bilər. Mütəxəssislər artıq çəki ilə mübarizə aparmaq üçün dərman vasitələrindən istifadə etməyə hazırlaşanları həkimlə məsləhətləşməyi tövsiyə edirlər. Arıqlamaq üçün dərman vasitələri bəzən effektiv təsir göstərsə də, sonradan atılan çəki artıqlaması ilə geri qayıda bilər.

 Tibb sahəsi üzrə ekspert Rasif Bağırov isə Movqe.az-a kökəlməyə səbəb olan amillər haqda danışıb. Həkim ilkin səbəb kimi adinamiyanı, hərəkətsizliyi göstərib: "Bu gün kökəlmə bütün dünyanın əziyyət çəkdiyi əsas problemlərdən biridir. Kökəlmənin əsas səbəblərindən  biri adinamiyadır. İnsanlar gündəlik eləməli olduqları fiziki işi görmürlər. Oturaq həyat üstünlük təşkil edir. Gün ərzində isə yüksək kalorili qidalar qəbul edirlər. Bu qidalar da hərəkətlə sərf olunmayanda, orqanizmə piy şəklində toplanır. Qida rasionunda şirin qidaların normadan artıqlıq təşkil eləməsi də orqanizmdə piylənmənin daha da artmasına səbəb olur. Eyni zamanda müxtəlif yağlı, ədviyyatlı ayaqstü qidalar da bu prosesi sürətləndirir. 

Bəzən isə müxtəlif qidalar lazımi keyfiyyət tələblərinə cavab vermirlər. Onların tərkibindki artıq maddələr insan orqanizminin maddələr mübadiləsini pozur.  Su, duz, yağ, zülal, karbohidrat mübadilələrinin düzgün  getməməsi piylənməyə gətirib çıxarır". 

Qeyd edək ki, son vaxtlar bu fəlakət nəinki böyüklərdə, eyni zamanda azyaşlılarda da müşahidə olunur. Uşaq yaşlarından kökəlməyə meylli insanlar isə gələcəkdə daha ciddi problemlərlə qarşılaşırlar. Ona görə də həkim valideynlərə uşaqlara qarşı diqqətli olmağı məsləhət görür. Bu problemin vaxtında qarşısının alınması üçün həkimin tövsiyələri belə oldu: " Gərək valideynlər belə uşaqlarda idman eləməyə meyl oyatsınlar. Eyni zamanda uşaqların çox sevdikləri şirnidən də onları məcburi də olsa uzaqlaşdırmaq lazımdır. Ümumən isə, insanlar arasında ciddi maarifləndirmə işləri aparılmalıdır ki, insanlar nəyə məruz qala biləcəklərini, nə ilə qarşılaşacaqlarını bilsinlər. Onu biləndən sonra ola bilər ki, bəlkə də öz sağlamlıqları üçün narahat olmağa başlayarlar". 

Onu da bildirək ki, bu gün dünyada  2,1 milyard insan piylənmədən əziyyət çəkir. Bu isə dünya əhalisinin 30%-i deməkdir. Aparılan son araşdırmalar göstərir ki, bu vəziyyətin ən çox müşahidə olunduğu ölkələr ABŞ , Çin və Rusiyadır. Səudiyyə Ərəbistanın da hər 10 nəfərindən 7-si piylənmə ilə mübarizə aparır. Bu səbəbdən ölkədə hər il piylənməyə ilə mübarizəyə təxminən 133 milyon dollarlıq vəsait xərclənir. Bu təhlükəli hal artıq Azərbaycanda da yayılıb və getdikcə sürətlənir.