Çində maraqlı uzunömürlülər kəndi

11 İyul 2014 08:16 (UTC+04:00)

İnsanın ömrünün uzunluğu bir çox amillərdən- irs, mühit, fiziki və əqli inkişaf, qida məhsulları, zərərli vərdişlər, iqlim və hava şəraitindən asılıdır.

Bəs planetimizdə insanların xəstələnmədən qocalığa qədər yaşadığı yerlər varmı? Bəli, belə yerlər var- Çinin Quansi vilayətindəki Bama adlı yer bütün dünyada uzunömürlülərin yaşadığı yer kimi tanınır.

Bamada yaşayan hər yüz min nəfərə 100 və bundan yuxarı yaşda olan 36 nəfər düşür ki, bu da orta dünya göstəricisindən beş dəfə yüksəkdir. Özü də bu uzunömürlülər dünyadakı bir çox yaşlı adamların əziyyət çəkdiyi xəstəliklərə məruz qalmırlar. Hətta Bamaya daimi yaşamaq üçün gələn yeni yaşlı xəstə adamlar da bir çox xəstəliklərdən müalicə olunur, onların səhhətləri yaxşılaşır, özlərini gümrah hiss edir və fəal həyat tərzi keçirirlər.

Son on ildə çinli və xarici alimlər Bama sakinlərini tədqiq edərək bu nəticəyə gəliblər ki, uzunömürlülyün səbəbləri ekologiya, xüsusi günəş işıqlanması, maqnit sahəsi, tərkibində molibden, stronsium və kalium olan unikal sudur. Su yerli çaylarda və mağaralarda təbii filtrdən keçir, xüsusi maqnit sahəsinin təsiri altında isə onda altıbucaqlı kristallar əmələ gəlir. Bu cür su orqanizmin hüceyrələrini təmizləyir və gəncləşdirir, maddələr mübadiləsini normaya salır.

Bu yerin sakinlərinin uzunömürlülüyünün əsasını tərkibində çox böyük miqdarda mənfiyüklü ionlar olan çox təmiz hava təşkil edir. Mənfiyüklü ionların normal tərkibi mindən iki minə qədər təşkil etsə də, Bama rayonunda havanın hər kub santimetrinin tərkibində beş mindən iyirmi minə kimi mənfiyüklü ion olur.

Mənfiyüklü ionlar insan orqanizminə müsbət təsir göstərir, sərbəst radikalları aradan qaldırır və müxtəlif xroniki xəstəliklərdən və xərçəngdən qoruyur.

Bu yerlərin torpağı da unikal hesab edilib, çünki onun tərkibində çoxlu miqdarda sink və manqan, həmçinin yerli sakinlərin ömürlərinin uzunluğuna müsbət təsir göstərən mis və kadmium vardır.

Bamanın uzunömürlüləri öz uşaqlarının, doğmalarının, qonşularının qayğısı və ehtiramı ilə əhatə olunub, onların hamısı mehribandırlar, həmişə yaxşı əhval-ruhiyyədə olurlar, düzgün həyat tərzi keçirirlər, onların üçdə ikisi heç vaxt tünd spirtli içkilər qəbul etməyib və siqaret çəkməyiblər.

Yüzyaşlı qocalar hər gün fiziki işlərlə məşğul olur, tarlada çalışır, tərəvəz yetişdirir və ya ev işləri ilə məşğul olurlar. Və içməli su dalınca qonşuluqda yerləşən dağa getmək də onların orqanizmini fiziki cəhətdən möhkəmləndirir.

Qida rasionu da ömrün uzunluğunda az rol oynamır. Bama sakinləri gündə iki dəfə yemək yeyirlər- səhər və axşam. Əsas menyüləri düyü, arpa və buğda unundan bişirilmiş sıyıqdır. Gündəlik xörəklərindən biri yerli dağlarda yetişən çətənə toxumunun yağından hazırlanan uzunömürlülük şorbasıdır.

Yeməklərində balqabaq, qarğıdalı, lobya, kartof, eləcə də taxıl və bambuk cücərtilərindən istifadə edirlər. Duzu az miqdarda qəbul edir, yeməklərini qızartmağa yox, qaynatmağa üstünlük verirlər.

Yerli sakinlər çay və tərkibində proteinlər, enzimlər və bifidoklar olan sarı düyü şərabı içirlər. Tərkibində zülal, piy və xolesterinin az olduğu bu cür qida ömrün uzanmasına səbəb olur və hipertoniya, ateroskleroz, diabet və xərçəng kimi xəstəliklərin inkişafının qarşısını alır.

Son illər Bama turistlər üçün də populyar yerlərdən birinə çevrilib. Yerli sakinlər onlarla həvəslə şəkil çəkdirir, onlara öz həyatları barədə danışır. Bu isə yerli sakinlərin əlavə pul qazanmasına və öz rifah halını daha da yüksəltməyə imkan verir.