Bakıda zibillikdən 64 sənəd çıxdı

10 İyul 2014 19:12 (UTC+04:00)

Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda tullantıların çeşidlənməsi zamanı aşkar olunan ev, avtomobil sənədləri, doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, diplom kimi kağızlar "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin (ASC) tərəfindən Bakı şəhər polisinə təhvil verilib. Bu barədə movqe.az-a ASC-dən bildirilib. Balaxanı qəsəbəsində yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda işçilər Bakı şəhərindən yığılan tullantıları növlərinə görə ayırarkən onların arasından önəmli ola biləcək əşyaları zibildən ayıraraq xüsusi yığırlar. Bu işlər mütəmadi aparılır və müxtəlif vaxtlarda yığılmış tullantı olmayan əşyalar polisə təhvil verilir. İyulda isə 16 adda – 64 ədəd sənəd yığılaraq Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna təhvil verilib. Qeyd edək ki, "Təmiz Şəhər" ASC-ə aid Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunun işi ondan ibarətdir ki, burada şəhərdən yığılmış tullantılar kağız, şüşə, plastik, əlvan metal, dəmir və s. formasında ayrı-ayrı yığılır. Daha sonra onlardan xammal kimi istifadə edərək yeni məhsullar hazırlanmaq üçün müxtəlif təkrar emal müəssiəsələrinə göndərilir.