Bakıya dünyanın ən gözəl avtobusları gətiriləcək

11 İyul 2014 11:10 (UTC+04:00)

 "Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycana bağlı olan hissəsinin tikintisi bu ilin sonuna qədər başa çatmalıdır. Beləliklə, Gürcüstan ərazisində bu işlər tamamilə başa çatandan sonra biz öz payımıza düşən hissəni icra etmiş oluruq". Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib. 


Prezidentin sədrliyi ilə keçirilən iclas ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub. 


Dövlət başçısının sözlərinə görə, şəhər nəqliyyatının təkmilləşdirilməsi üçün də yeni avtobuslar gətirilməlidir. Əslində, yeni qurum yaradılır - "Baku Bus" şirkəti. Burada ən yüksək xidmət göstərilməlidir və gətiriləcək avtobuslar dünyanın ən gözəl avtobuslarıdır. 


"Məhz məsələni belə qoymuşuq ki, Bakı sakinləri ən gözəl texnika ilə, maşınlarla, avtobuslarla təmin edilməlidir. Hesab edirəm ki, yeni avtobuslar bir neçə aydan sonra artıq gətiriləcək. Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, o vaxta qədər bütün bu məsələlər - onların parkinq yerləri, sürücülər, sistem, şəffaflıq öz həllini tapmalıdır. Bu, dünya miqyasında bir nömrəli sistem olmalıdır".


Prezident metro tikintisinə də toxunub. O, qeyd edib ki, metro tikintisi sürətlə gedir və bu sahəyə əlavə vəsait də ayırmalıdır. Onun sözlərinə görə, bəzi layihələrin icrası vəsaitin çatışmazlığı ucbatından müəyyən qədər ləngiyir. "Vəsaitin çatışmazlığı ona görə baş vermir ki, nəzərdə tutulmayıb, sadəcə olaraq, işlər sürətlə gedir. Biz bu işləri daha da sürətləndirməliyik, çünki metro əsas nəqliyyat vasitəsidir. Metroda həm istismarda, həm metro tikintisində aparılan islahatlar hesab edirəm ki, vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Yerlərdən gələn təkliflər də bunu göstərir".