"Biz bu şəhərə ürəkdən bağlandıq"-Mehriban Əliyeva

11 İyul 2014 11:26 (UTC+04:00)

İyulun 10-da Kannda bir neçə sərgini özündə birləşdirən "Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi" sərgisinin açılış mərasimi olub. 


Movqe.az AzərTAc-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda keçirilən Azərbaycan mədəniyyət  günləri çərçivəsində ölkəmizlə bağlı növbəti təqdimat iyulun 10-da Festivallar sarayında Azərbaycana aid sərgilərin açılışı ilə baş tutub. 


Azərbaycanın  birinci  xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib. 


Tədbirdə çıxış edən Kannın Festivallar və Konqreslər sarayının direktoru Kler-Ann Reks bildirmişdir ki, artıq ikinci ildir ki, Azərbaycan Kannda uğurlu təqdimatlarla çıxış edir və bu da şəhərin həyatında mühüm hadisə kimi qiymətləndirilir. Kler-Ann  Reks şəhərə gələn çoxsaylı turistlərin də bu tədbirlərə böyük maraq göstərdiklərini qeyd edib.


Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış edərək bildirib ki, Fransa ilə Azərbaycan arasında bütün sahələri əhatə edən əməkdaşlıq yaranıb. Bu əməkdaşlıq ikitərəfli hörmət, dostluq  və maraq əsasında qurulub. 


Bu ilin may ayında Fransa Prezidenti Fransua Ollandın ölkəmizə rəsmi səfəri зərзivəsində Azərbaycanın və Fransanın dövlət başçılarının görüşü bir daha bu əlaqələrimizin strateji xarakter daşıdığını təsdiqləyib. Mən bu kontekstdə təsis olunmuş Azərbaycanın Dostları Assosiasiyasını qeyd etmək istərdim. Bu assosiasiyanın yaradılmasını alqışlayırıq  və dəstəkləyirik. Assosiasiya öz ətrafına Azərbaycanın dostlarını toplamış və  assosiasiyanın üzvləri Azərbaycan həqiqətlərini Fransa ictimaiyyətinə  çatdırırlar. 


Azərbaycan ilə Fransa arasında iqtisadi əlaqələr ildən ilə möhkəmlənir. Ölkələrimiz telekommunikasiya, şəhərqurma, nəqliyyat, yüngül sənaye, şərabçılıq  və digər sahələrdə əməkdaşlıq qurub. Azərbaycanda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir və bu fəaliyyət ikitərəfli fayda gətirməkdədir. Azərbaycan Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Fransa ilə ticarət dövriyyəmiz iki milyard dollara yaxınlaşır.  


Tarix boyu  dilindən, dinindən asılı olmayaraq insanları, xalqları  birləşdirən humanitar sahəyə biz diqqətlə yanaşırıq. Mən çox şadam ki, son illər Fransa ilə Azərbaycan arasında humanitar əlaqələr yeni səviyyəyə yüksəlib. Bu gün Fransanın ali məktəblərində yüzlərlə azərbaycanlı tələbə təhsil alır, bir çox Fransa universitetlərində Azərbaycan dili və tarixi tədris olunur. Eyni zamanda, Azərbaycanın paytaxtı Bakıda fransız liseyi inşa olunmuş və fəaliyyət göstərir. Azərbaycan dövləti Luvr muzeyinin İslam İncəsənəti Departamentinin bərpasında iştirak edib, Heydər Əliyev Fondunun səyləri ilə Strasburqun  Kafedral kilsəsi, Fransanın digər rayonlarında tarixi və memarlıq abidələri bərpa olunub. 


Mən çox şadam ki, Fransanın ən gözəl şəhərlərindən biri olan Kannda bizim bütün tədbirlərimiz böyük  maraq və hörmətlə qarşılanıb. Biz bu şəhərə ürəkdən bağlandıq və  mədəniyyət günlərimizi ənənəvi olaraq  burada keçirmək istərdik. 


Daha sonra sərgi ilə tanışlıq olub.