Real sektorla bağlı bankların böyük qüsuru üzə çıxdı

12 İyul 2014 08:19 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında kommersiya banklarının daha çox istehlak kreditləri verməsini növbəti dəfə tənqid edib. Prezident bildirib ki, banklar iqtisadiyyatın real sektoruna çox vəsait ayırmırlar: "Əvvəlki müşavirələrdə qeyd etmişəm ki, hər bir rayonda sənaye zonaları olmalıdır. Bu istiqamətdə də işlər gedir və getməlidir. Dövlət əlbəttə ki, əsas yükü öz üzərinə götürür. Belə də olmalıdır. Azərbaycanda dövlət siyasəti bu istiqamətdə aparılır. Eyni zamanda, biz bu sahədə ölkəmizdə sənayenin, iqtisadiyyatın və kənd təsərrüfatının inkişafını sürətləndirmək üçün dünyada gedən təcrübəni də bilirik. Mövcud olan təcrübəni öyrənirik və görürük ki, orada banklar bu sahədə çox müsbət rol oynayır. Banklar iqtisadiyyatın real sektoruna vəsait ayırır. Bizdə də belə olmalıdır. Bizdə isə belə deyildir. Bu sahəyə çox ciddi fikir verilməlidir. Bu gün dövlət büdcəsində banklara güzəştli şərtlərlə nəzərdə tutulan 300 milyon manat kreditlər verilir ki, banklar bu vəsaiti sahibkarlara paylasın. Yəni, bu, bankların öz resursları deyil, dövlətdən verilən resurslardır. Banklar bunu paylayır, eyni zamanda, hələ pul da qazanırlar. Yəni, bu, Azərbaycan dövlətinin özəl banklara olan böyük bir imtiyazıdır, güzəştidir. Hansı ölkədə dövlət özəl banklara pul verir, özü də bu şərtlərlə? Amma bizdə Mərkəzi Bank lazım gəldikdə özəl banklara kredit resursları verir ki, onlar pul qazansınlar. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə banklara hər il 300 milyon manat verilir ki, pul qazansınlar. Bəs onlar nə üçün iqtisadiyyatın real sektoruna kreditlər ayırmırlar? Nə üçün daha çox istehlak kreditləri verirlər? Pul qazanmaq üçün".

İlham Əliyev deyib ki, banklar öz məsuliyyətini dərk etməlidir: "Burada çox ciddi islahatlar aparılmalıdır. Birinci növbədə məsələ təhlil edilməlidir. Mənə məlumat verilməlidir ki, Azərbaycanın özəl bankları iqtisadiyyatın real sektoruna hansı həcmdə, nə qədər vəsait qoyur. Onların kredit portfelində iqtisadiyyatın real sektoruna ayrılan vəsait ya investisiya, ya kredit şəklində nə qədərdir və onlar digər sahələrə nə qədər kredit ayırırlar? Mən bunu bilməliyəm və ondan sonra öz qərarımı verəcəyəm".

Qeyd edək ki, dövlət başçısı bu iradını cari ilin fevralında da bildirmişdi. Görəsən, banklar real sektora niyə daha çox kredit ayırmaqda maraqlı deyil? Gözləmək olarmı ki, Prezidentin bu çıxışından sonra həmin sahədə vəziyyət dəyişsin?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, vəziyyətin belə olmasının əsas səbəbi kommersiya banklarının real sektorla müqayisədə verdikləri istehlak kreditndən daha çox gəlir götürmələrindədir: "Kommersiya bankların verdiyi kreditlərin strukturuna diqqət yetirsək, təəssüflə görürük ki, onun əsas hissəsi istehlak krediti verilməsinə yönəlib. Praktik olaraq, Azərbaycanda istehlak kreditlərinin ümumi bank kreditində payının 40 faiz olduğunu nəzərə alsaq, bu o anlama gəlir ki, ölkədə verilən hər 100 manat kreditdən 40 manatı istehlak kreditləşməsinə yönəldilir. Təəssüf ki, real sektora yönəldilən ümumi kreditin həcmi kredit portfelinin cəmi 10 faizini təşkil edir. Aqrar sektorda isə bu göstərici daha az, cəmi 4 faizdir. Bu isə o deməkdir ki, aqrar sektor da daxil Azərbaycanda real sektora yönəldilən kreditlərin həcmi 14 faizdir. Bu da praktik olaraq, kifayət qədər kiçik rəqəmdir. Bu rəqəm əslində, ondan xəbər verir ki, ölkədə kommersiya bankları real sektorun maliyyələşməsində o qədər də maraqlı deyil. Bunun belə olmasının əsas səbəbi ondan ibarətdir ki, real sektora yönəldilən kreditdən fərqli olaraq, istehlak kreditləşməsi daha çox gəlirli hesab edilir. Real sektora yönəldilən kreditin faiz dərəcəsi istehlak kreditinə yönəldiləndən aşağıdır. Bu, o deməkdir ki, kommersiya bankları real sektoru maliyyələşdirən zaman daha aşağı faizlərlə kredit verməli olurlar. Həmçinin, real sektora yönəldilən kreditlərin həcmi adətən böyük olur. Böyük olduğundan onun geri qaytarılması məsələsində də müəyyən risqlər olur. Kommersiya bankları istehlak kreditində risqin az olduğunu düşünür. Amma təbii ki, bu, qüsurlu yanaşmadır. Ən azından problemli kreditlərin həcminin artması onu göstərir ki, risq amilini nəzərə alaraq, daha çox krediti real sektora yönəltməmək yanlış siyasətdir. Eyni zamanda girov məsələsi də bankları real sektora daha çox diqqət ayırmaqdan çəkindirir. Banklar sahibkarın regionlarda yerləşən əmlakını girov kimi qəbul etmir. Bakıda da qəbul edilən girov adətən bazar qiymətindən aşağı qiymətləndirilir. Mövcud qanunvericilik də bunu müəyyənləşdirməyib. Bütün bunlar kommersiya banklarını real sektoru maliyyələşdirməkdən yayındırır".

Bu sahədə vəziyyətin dəyişməsi üçün ekspertə görə, birmənalı şəkildə müəyyən stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtyac vardır: "Mərkəzi Bank hər bir verilən kreditlər üzrə bütövlükdə əmsalların fərqləndirilməsi, o cümlədən, vəsaitlər üzrə real sektora tətbiq edilən əmsalların daha yüksək həddə müəyyənləşdirilməsi yolu ilə özəl bankları prosesə stimullaşdıra bilər. Bu zaman kommersiya bankları real sektora kredit verirsə, Mərkəzi Bank özəl bank vəsaitlərinin daha az vəsaitinin özündə qalmasını tələb edir. Vergi güzəştlərinin tətbiqi də vacibdir. Məsələn, Yaponiya modelində real sektorun maliyyələşdirilməsinin stimullaşdırılması məqsədi ilə özəl banklara vergi güzəştləri tətbiq edilir. Kommersiya bankı tərəfindən real sektora nə qədər çox vəsait yönləndirilirsə, o qədər çox güzəşt almaq imkanına malik olur. Bu baxımdan vergi güzəştlərinin tətbiqi olduqca vacibdir. Eləcə də, girovlarla bağlı hüquqi bazanın təkmilləşdirilməsinə ehtiyac vardır. Yəni makro səviyyədə, hüquqi bazada, həm vergi qoymada, həm də bütövlükdə mikro, bank səviyyəsində stimullaşdırıcı tədbirlər görülməlidir ki, kommersiya bankları real sektoru maliyyələşdirməkdə daha çox maraqlı olsun".