Ukraynadan Azərbaycana böyük köç başlanması gözlənir

12 İyul 2014 08:34 (UTC+04:00)

Ukrayandakı hadisələr burada yaşayan azərbaycanlılara da ciddi təsir göstərməkdədir. Son üç gün ərzində 4 soydaşımız girov götürülüb, bir nəfər isə öldürülüb. Ukraynanın Luqansk şəhərində rusiyapərsət qüvvələrin girov götürdüyü həmyerlimizdən biri 2 min dollar müqqbilində azad olunub. Luqansk şəhərində Azərbaycan cəmiyyətinin sədri Rasim Uğurluyev isə oğlunun guya Ukrayna ordusuna kömək etməkdə ittiham edilərək girov götürüldüyünü deyir. 5 min dollar müqabilində oğlunu girovluqdan azat etdiyini deyən Rasim Uğurluyev Ukraynanın şərqində azərbaycanlılara qarşi ciddi təhlükə yarandığını və silahlıların digər azərbaycanlıları da girov götürdüyünü deyir.

Rasim Uğurluyev azərbaycanlılara aid avtomobillərin əllərindən alındığı, evlərinə girilərək pul alındığını deyir. O, Ukraynanın şərqindəki digər şəhərlərdə də azərbaycanlılara qarşı belə halların baş verdiyini deyir.

Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyində araşdırma aparılır. Beləliklə, Rusiyapərəst qüvvələrlə mövqe döyüşlərinin getdiyi Ukraynanın şərqində azərbaycanlıların həyatı təhlükədədir.

Ukraynadakı 300-500 min arasında azərbaycanlı var və bundan sonra da oxşar hadisələrin olacağı istisna edilmir. Eləcə də hadisələr indiki kimi davam edərsə, orada olan soydaşlarımızın digər ölkələrə, xüsusi ilə də Azərbaycana axını gözlənilir.

Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirdi ki, Rusiya bu gün Ukraynada separatçılar adına kriminal elementlərdən istifadə edir: "Bununla da Ukraynanın cənub-şərq əhalətlərində tamamilə xaos yaratmaq istəyir. Özlərinə olan təhlükələri nəzərə alaraq kriminal elementlərlə indiki şəraitdə böyük pullar qazanırlar. Çünki, Ukraynada keçmiş hakimyyətdə olmuş insanları, Ukraynada yaşayan imkanlı şəxsləri girov götürməklə sonradan azad olunması müqabilində böyük pullar tələb edirlər. Kriminal elementlər Ukrayannın cənub-şərq əyalətlərində varkən bu təhlükə bizim soydaşlarımıza qarşı hər an olacaq. Çünki, bu gün onların heç bir təhlükəsizlik imkanları yoxdur. Xüsusi ilə də həmin ərazilərə bu gün Ukraynanın güc orqanları nəzarət edə bilmirlər. Ona görə də nəinki bizim soydaşlarımızı, hətta Ukrayanın dövlət məmurları belə girov götürülürlər. Böyük pullar müqabilində sonradan azad edirlər. Odur ki, bu cür xaos davam etdiyi qədər soydaşlarımız üçün təhlükələr qalacaq. Nə qədər ki Ukrayna dövləti həmin əyalətlərdə nəzarəti bərpa etməyib, müvəqqəti də olsa, soydaşlarımız daha təhlükəsiz əraziyə köçsələr, yaxşı olar. Çünki, hələlik antiterror tədbirləri davam etməkdədir. Proses başa çatmayana qədər soydaşlarımız üçün təhlükələr qalacaq. Artıq nə Azərabaycan, nə də Ukrayna dövlətinin edə biləcəyi məsələlər o qədər çox deyil. Əksinə, soydaşlarımız konkret qərar verməli, müvəqqəti olaraq təhlükəsiz zonaya daşınmalıdırlar".

Digər politoloq Nazim Cəfərsoy bildirdi ki, Rusiyanın separatçılara köməklik etməsi Ukraynada vəziyyəti daha da gərginləşdirir: "Bu çərçivədə Ukraynada olan bütün miqrantlar üçün təhlükə var. Gərginliyin qısa müddətə azalmayacağını düşünsək, azərbaycanlılar üçün risk hələ də davam edir. Böhran ümumi Ukraynanı əhatə edrəsə, soydaşalrımıza daha çox mənfi təsir edəcək. Ancaq bu gün böhranda geriləmə müşahidə olunur. Çünki, böhran Ukrayanın müəyyən zonasına keçib. Ancaq böhranın ən pik nöqtəsində belə azərbaycanlıların kütləvi axını olmamışdı. Bu gün vəziyyət bir az səngiyib. Ona görə də indi soydaşlarımız axın etmə ehtimalı əvvəlki günlərə nisbətən daha azdır. Ancaq bu, heç də o demək deyil ki, yeni risk amili ola bilməz.Ukrayna mərkəzi hakimiyyəti yeni hərbi əməliyyatlara başlayarsa, Rusiya gizlindən müdaxilə edə bilər. Yəni, Rusiya rusların müdafiəsi adı altında hətta açıq müdaxiləyə də keçə bilər. Xüsusən Krımın ələ keçirilməsindən sonra Qərbin daha passiv reaksiyası Rusiyanın müdaxiləsi aktual olaraq qalır. Necə ki, belə müdaxiləni Gürcüstana etmişdi. O zaman azərbaycanlılara qarşı daha böyük fiziki təzyiqdən danışmaq olar".