Əfqanıstanda seçkı bülletenləri yenidən sayılacaq

13 İyul 2014 21:00 (UTC+04:00)
Əfqanıstanda keçirilmiş prezident seçkilərinin ikinci turunda böyük saxtalaşdırma hallarınin yoxlanılması vacibdir.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu bəyanatla Kabildə səfərdə olan ABŞ dövlət katibi Con Kerri keçirdiyi mətbuat konfransında çıxış edib.

"Bülletenlər BMT-nin nəzarəti altında sayılacaqdır", - deyən amerikalı diplomat əlavə etmişdir ki, bu proses 24 saat ərzində Kabildə başlayacaqdır.
Kerri, həmçinin bildirib ki, hər iki namizəd – Abdulla Abdulla və Əşrəf Qəni Əhmədzay, eləcə də dövlət başçısı postunu tərk edən Həmid Kərzayi aparılan danışıqlar zamanı səslərin yenidən sayılması ilə razılaşıblar.

Dövlət katibi qeyd edib ki, avqustun 2-nə təyin olunmuş inaqurasiya başqa vaxta keçiriləcəkdir.
Xatırladaq ki, Əfqanıstan müstəqil seçki komissiyasının ilkin məlumatlarına görə, Əşrəf Qəni Əhmədzay prezident seçkilərində 56,44 faiz səslə qalib gəlib. Onun rəqibi Abdulla Abdulla seçicilərin 43,56 faizinin səsini yığıb. Bu nəticələrlə razılaşmayan A.Abdulla səslərin kütləvi surətdə saxtalaşdırıldığını bildirmiş və bəyan edib ki, ölkədə "paralel hökumət" yaradacaqdır.