Bakıda milyonluq cinayət
14 İyul 2014 16:34 (UTC+04:00)
Vergilər Nazirliyi yanında Vergi
Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olmuş
məlumat əsasında aparılmış əməliyyat tədbirləri nəticəsində müəyyən
edilib ki, Bakı şəhəri, ak.H.Əliyev prospekti, 78 ünvanında
yerləşən, mebel satışı ilə məşğul olan "Verona Lux" mağazasına
faktiki rəhbərlik 2009-cu ildən fəaliyyətini dayandırmış fiziki
şəxs Həbilov Rüfət Məhəmməd oğlu tərəfindən həyata
keçirilir.
Nazirliyin Analitik-informasiya şöbəsindən
Movqe.az-a verilən məlumata görə, araşdırma zamanı mağazada satılan
mebellərin İtaliya istehsalı kimi təqdim olunduğu, lakin faktiki
olaraq Biləcəri qəsəbəsində yerləşən "Səma LTD" MMM-ə məxsus olan
mebel fabrikində hazırlandığı, mebellərin birbaşa fabrikdən evlərə
aparılaraq quraşdırıldığı, satılan mebellərə görə sifarişçilərə
ciddi uçot blankı olan sənədlərin verilmədiyi, əhali ilə nağd
hesablaşma qaydalarının pozulması halları da müəyyən
edilib.
Həmin mağazada və fabrikdə keçirilmiş tədbirlər
zamanı mühasibatlıq və "qara mühasibatlıq" sənədləri, fəaliyyəti
əks etdirən elektron məlumatların saxlanıldığı kompyuter
prosessorları aşkar olunaraq götürülüb.
Toplanmış materiallar Vergilər Nazirliyi yanında
Vergi Auditi Departamentinə göndərilmiş və aparılmış səyyar vergi
yoxlamaları nəticəsində fiziki şəxs Həbilov Rüfət Məhəmməd oğlunun
kulli miqdar təşkil edən 562 min 483,61 manat və "Səma LTD" MMM-nin
549 min 699,49 manat məbləğində vergiləri dövlət büdcəsinə
ödəməkdən yayındırılmaları müəyyən edilib.
Hər iki fakt üzrə Departamentin İstintaq
idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci
maddəsi ilə cinayət işləri başlanmış və hazırda həmin işlər üzrə
ibtidai istintaq davam etdirilir.