İşsizlərin nəzərinə!
14 İyul 2014 17:54 (UTC+04:00)
Azərbaycan Respublikasının əmək və əhalinin sosial
müdafiəsi naziri Səlim Müslümov bu gün BP şirkətinin Azərbaycan,
Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrelli qəbul
edib.
Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə,
S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü
siyasətinin nəticəsi olaraq ölkəmizin davamlı sosial-iqtisadi
inkişaf dinamikasına malik olduğunu konkret göstəricilər əsasında
diqqətə çatdırıb: "Bu inkişaf dinamikası cari ilin ilk yarımilində
da uğurla davam edib, bu müddətdə ümumi daxili məhsul 2,1 faiz
artıb. Qeyri-neft sektorunda real artım tempi 7 faiz təşkil edib və
artıq ümumi daxili məhsulda bu sektorun payı 56,3 faizə çatıb. Fəal
investisiya siyasətinin daha bir nəticəsi olaraq, son 6 ayda bütün
maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən
investisiyaların həcmi 3,4 faiz artaraq, 7,6 milyard manat
olub".
BP şirkətinin Azərbaycan iqtisadiyyatındakı roluna
toxunan S.Müslümov bu gün xeyli sayda insanın çalışdığı şirkətdə
yerli mütəxəssislərin də sayının getdikcə artmasının müsbət faktor
olduğunu qeyd edib.
Nazir bildirib ki, BP ilə ƏƏSMN arasında işsiz və
işaxtaran vətəndaşların sosial müdafiəsi, onların məşğulluğunun
təminatı, əmək miqrasiyası, peşə və kvalifikasiya standartlarının
hazırlanması və s. məsələlərin müzakirəsi məqsədilə bir sıra
görüşlər keçirilib: "Hesab edirəm ki, bizim əməkdaşlığımız işçi
qüvvəsinə, o cümlədən əcnəbi işçi qüvvəsinə olan tələb və təklif
üzrə operativ məlumat mübadiləsinin aparılması, peşə və ixtisas
standartlarının hazırlanması, neft sektorunun inkişafı ilə əlaqədar
gələcəkdə tələbatın artacağı peşə və ixtisaslar üzrə proqnozların
hazırlanması sahələrini əhatə edə bilər".
S.Müslümov həmçinin əməyin mühafizəsi, işsiz və
işaxtaran vətəndaşların peşə hazırlığı, yenidən hazırlığı və
ixtisasının artırılması işinin təşkili və məşğulluqlarının
təminatı, əlilliyi olan şəxslərin, gənclərin, əhalinin sosial
cəhətdən həssas olan digər qruplarının məşğulluğuna kömək
göstərilməsi və s. sahələrin də gələcək əməkdaşlıq üçün xüsusi önəm
kəsb etdiyini bildirib: "ƏƏSMN, Azərbaycan Respublikasının Dövlət
Neft Şirkəti və BP şirkəti qeyd olunan sahələrdə əməkdaşlığa dair
Tədbirlər Planı hazırlamaqdadır və artıq bununla bağlı təkliflər
nəzərdən keçirilir".
Q.Birrell şirkətdə işçilərin əmək potensialının
keyfiyyətcə yüksəldilməsi, peşəkarlıq səviyyələrinin beynəlxalq
tələblərə uyğunlaşdırılması yönündə görülən işlərdən bəhs
edib.
Səslənən təklifləri müsbət qarşıladığını
vurğulayan Q.Birrell təmsil etdiyi şirkətin qeyd olunan sahələrdə
ƏƏSMN ilə əməkdaşlıq əlaqələrini gücləndirmək iradəsinə malik
olduğunu diqqətə çatdırıb.
Görüşdə BP şirkətinin regionda həyata keçirdiyi
layihə və əməliyyatlardan söz açılıb, işçi qüvvəsinə, o cümlədən
əcnəbi işçi qüvvəsinə olan tələb və təklif üzrə operativ məlumat
mübadiləsinin aparılması, işçilərin əmək hüquqlarının qorunması, o
cümlədən əməyin mühafizəsi, işçi qüvvəsinin əmək potensialının
keyfiyyətcə yüksəldilməsi, peşə və ixtisas standartlarının
hazırlanması, boş iş yerləri (vakansiyalar) barədə məlumatların
ƏƏSMN-nə təqdim olunması və s. məsələlərə dair fikir mübadiləsi
aparılıb.