ABŞ-ın Qarabağ mövqeyi Ermənistanda böyük narahatlığa yol açıb

15 İyul 2014 08:21 (UTC+04:00)

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində amerikalı diplomatların son fəallığı və verdikləri açıqlamalar Ermənistanda ciddi narahatlıq predmetinə çevrilib. Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın və ABŞ-ın Ermənistandakı səfiri Con Heffernin açıqlamaları da İrəvanın lehinə olmayan vəziyyətin yarandığını göstərir. Riçard Morninqstar bildirir ki, hazırda işğal altında olan Dağlıq Qarabağ ətrafı 7 rayon təcili Azərbaycana qaytarılmalıdır. Səfir bəyan edib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı çox açıq mövqe bildirib: "Mövqeyimiz də ondan ibarətdir ki, Dağlıq Qarabağ istisna olmaqla, hazırda işğal altında olan 7 Azərbaycan rayonu geri qaytarılmalıdır. Bütün bunlar isə bilavasitə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin tərkib hissəsi olmalıdır. Ümumiyyətlə, artıq Dağlıq Qarabağ müanqişəsinin yekun həlli yolu tapılmalıdır. Biz artıq bu barədə bəyanatlarımızı da vermişik". Con Heffern də bəyan edib ki, Dağlıq Qarabağın Azərbaycana qaytarılması məsələsi yekun həll zamanı müəyyənləşəcək: "Altı razılaşdırılmış elementə əsasən, Dağlıq Qarabağın son statusu azad iradə əsasında bəlli olacaq. Bundan sonra isə Dağlıq Qarabağ ətrafındakı rayonlargeri qaytarılacaq. Məsələ burasındadır ki, hansı ölkə və təşkilatın güclərinin burada sülhməramlı qüvvə kimi yerləşdirilməsi hələlik tərəflər arasında müzakirə mövzusudur". Amerikalı həmsədr Ceyms Uorlik də artıq bənzər mövqe nümayiş etdirib. İrəvanda hesab edirlər ki, bütün bunlar ABŞ-ın Qarabağ münaqişəsini Azərbaycanın lehinə həll etmək istəyinin göstəricisidir.

Politoloq Qabil Hüseynli hesab edir ki, burada həqiqətə yaxın fikirlər var: "Çünki, ABŞ Azərbaycanın Rusiyaya meyllənməsindən çox narahatdır. Rusiya da Azərbaycan üçün müəyyən şirnikləndirici vədlər verir. Nəticə etibarı ilə bu gün Dağlıq Qarabağla bağlı məsələdə Rusiya aparıcı mövqeləri yenidən ələ keçirib. Fransa da bu məsələdə ona yardım göstərir. ABŞ həm Dağlıq Qarabağ münaqişəsinin həllindən, həm də Cənubi Qafqaz uğrunda mübarizədən kənarlaşdırılıb. Baxmayaraq ki, ABŞ Rusiya ilə bağlı problemləri məhz Cənubi Qafqazı keçərək çözə biləcəyini yaxşı başa düşür. Gec də olsa, ABŞ bu proseslərə qatılmaq haqqında qərar verib. Qatılma porsesində yaxşı başa düşür ki, Azərbaycanın maraqlarını yerinə yetirmədən nə Cənubi Qafqazda möhkəmlənmək, nə də Orta Asiyaya və Uzaq Şərqə doğru meylənmək mümkün olacaq. Çünki, Rusiya strategiyasının mərkəzində həm ABŞ-ı neytralaşdırmaq, həm də Çinlə gələcək rəqabətə hazır olmaq kimi mövqe var. Belə olanda təqdirdə Azərbaycanın əhəmiyyəti artır. Eyni zamanda Dağlıq Qarabağ məsələsində ABŞ-Rusiya rəqabəti də gərginləşir. Bu rəqabət prosesinin olması bizim üçün əlverişlidir. Çünki, manevr imkanlarımız artır, bizim üçün daha əlverişli variantı seçmək imkanına malik oluruq. Eyni zamanda bu rəabət prosesində təkliflər şirnikləndirici, daha çox reallığa yaxn olmağa başlayır. ABŞ çoxdan bilir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün bunlar danışıqlar prosesi üçün Azərbaycana üstünlük verir. ABŞ-ın belə bir həvəsə düşməsi həqiqətə uyğundursa, bunun üzərində Azərbaycan diplomatiyası işləyə bilər".

Digər politoloq Tariyel Faziloğlu bildirdi ki, erməni tərəfinin bu cür mövqeyi anlaşılandır: "Çünki, Ermənistan həmişəki siyasətini davam etdirir. Ermənistanın bu siyasətinin arxasında digər əsas məqsəd, Dağlıq Qarabağ məsələsini həllində diqqətləri cəlb etmək, yenə də ABŞ və Rusiyanı qarşı-qarşıya qoymaq durur. İstəklərini xarici və daxil siyasətdə özünü "yazıq" görkəminə salaraq əldə etməyə çalışır. Qarabağ probleminin həllinin yaxınlaşdığını hiss etdiyinə görə Ermənistan hökuməti bütün məsuliyyəti öz üzərindən ABŞ və Rusiyanın üzərinə atmağa çalışır.

Ermnistan hakimiyyəti düşünür ki, bununla da xalq qarşısında öz günhasızlığın təmin etmiş olacaq. Bu xəbərlər psixoloji olaraq xalqı məsələyə hazır edir".

Politoloqun fikrincə, Qarbağın həlli artıq gecikdirilir: "Atəşkəsin 20 illik müddəti bitdiyinə görə də artıq müəyyən problemlərin ortaya atılaraq bu məsələnin kölgədə saxlanılması çox çəkə bilməz. Belə olan təqdirdə ya müharibə variantı seçilməlidir, yaxud da Ermənistan torpaqları geri qaytarmalıdır".