Son günlər qarpızdan zəhərlənmə ilə bağlı çoxsaylı xəbərlər eşidrik. Zəhərlənmələrə qarpızın tərkibindəki nitratın miqdarının çox olması əsas gətirilir. Movqe.az qarpız alarkən diqqət yetirilməli olan məqamlara aydınlıq gətirib. Bakı Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM)Qida Təhlükəsizliyi şöbəsinin rəhbəri İmran Abdullayev Movqe.az-a açıqlamasında bildirib ki, qarpız alanda onun tağdan qoparılan hisəssindəki saplağına fikir verilməlidir: "Əgər qarpızın sapı qurudursa, deməli o yaxşı yetişib. Bundan başqa, qarpızın zolaqlarının rəngi də bir-birindən kəskin fərqlənməlidir. Bu, məhsulun bol günəş işığı altında böyüdüyünü göstərir ki, belə qarpızlar da şirin və dadlı olur. Qarpızı sıxan zaman eşidilən səsə görə seçim etmək də çoxdan sınanmış üsuldur. Belə seçmə üsuluna tamamilə etibar edilməlidir".
Bununla belə İ. Abdullayev hətta iyul ayında da qarpız yeməyin təhlükəli olduğunu söyləyib: " Belə faraş yetişdirilən qarpızın tərkibində nitratın miqdarı həddən artıq olur. Nitratlar əsasən qarpız və yemişin qabığında və ona yaxın hissələrdə toplandığından faraş qarpız alanda, heç olmasa, onun qabığa yaxın hissələrini kəsib atmaq lazımdır".
İ.Abdullayev qarpız əkiləcək torpağa "selitra" adlı xüsusi kimyəvi maddənin səpildiyini də söylədi:" İşbazlar "selitra"nı bostan bitkiləri əkiləcək ərazilərə səpirlər ki, yayda qarpızı bazara hamıdan əvvəl çıxarsınlar. Torpaqdakı mineral maddələri öldürən selitra isə məhsulu süni şəkildə böyüdür. Belə gübrələrlə böyümüş qarpızların daha çox çəkiyə malik olur. Bu səbəbdən də böyük qarpızları almaq məsləhət görülmür. Çünki belə qarpızların tərkibində "selitra"nın miqdarı daha çox olduğundan, zəhərlənmə ehtimalı da böyükdür".
Şöbə müdiri təbii şəkildə böyümüş qarpızın qabığının qalınlığının üç millimetrdən yuxarı, çəkisinin isə 5-6 kiloqram olduğunu bildirdi. O,"selitra" ilə böyümüş qarpızın çəkisinin və qabığının qalınlığının bu ölçülərdən fərqli olmaqla yanaşı, onun dadının da çox şirin olduğunu dilə gətirdi. İ.Abdulayev "selitra" ilə yetişdirilmiş qarpızları kəsən zaman onların iç hissəsində bitki kökünə oxşar ağ uzun xətlərin də olduğunu da söylədi. GEM-nin səlahiyyətlisi qarpızın sürətli inkişafı üçün istifadə edilən kimyəvi maddələri, torpağa normadan artıq əlavə etməyin qadağan olunduğunu bildirdi:"Kimyəvi maddələrdən istifadə zamanı normalara riayət edilməlidir.Əgər qarpıza normadan artıq kübrə verilirsə, bu həmin məhsulu yeyən insanın səhhətində özünü biruzə verir. Çox vaxt bu üzdən zəhərlənmələr baş verir. Belə halların qarşısını almaq üçün Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitariya Nəzarəti Xidməti (DFNX) qarpız əkilən sahələri yoxlamalıdır. Respublikanın bir sıra rayonlarında, xüsusən də Sabirabadda on illər ərzində ardıcıl olaraq pambıq becərildiyindən, həmin ərazilərdə torpaq güclü kimyəvi çirklənməyə məruz qalıb. Həmin torpaqlar pestisid və nitridlərlə zənginləşib. Ona görə də həmin ərazilər kimyəvi maddələrdən təmizlənməli, ondan sonra qarpız əkiminə icazə verilməlidir".