Bazarlarda yenə keyfiyyətsiz qızıllar çoxalacaq

15 İyul 2014 11:08 (UTC+04:00)

Qızıl-zinət əşyalarının qiymətində hələ də artım müşahidə olunmaqdadır. Bu məqamda bazarda keyfiyyətsiz, saxta qızılların artımı riski artır. Ekspertlər mövcud vəziyyəti Movqe.az-a açıqlamalarında şərh ediblər. Belə ki, artım birbaşa olaraq dünyada qızılın bahalaşması ilə əlaqələndirilir. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Mövqe.az-a açıqlamasında bu bahalaşmanın Azərbaycan üçün gözlənilən olduğunu deyib: "Azərbaycan adətən, tədavüldə olan qır-qızılın böyük bir qismini xaricdən alıb ölkəyə gətirir. Bu da çox vaxt ərəb ölkələri, İtaliya və Rusiya, Türkiyə kimi ölkələr olur. Təbii ki, dünya bazarlarında qızılın qiymətinin qalxması və bu ölkələrin də daxili bazarlarının dünya bazarlarından təsirlənərək qiymətlərinin formalaşdırması nəticəsində Azərbaycana daxil olan qızıl məhsullarının, zinət əşyalarının da bahalaşmasına gətirib çıxarır. Eyni zamanda xammalın qiymətində də son dövrlərdə bahalaşma müşahidə olunmaqdadır". 

Rəşad Həsənov yaxın gələcəkdə iqtisadi tənəzzül gözlənildiyini bildirib:  "Bu bahalaşmada siyasi amillərin də rolu var.  Proqnozlara görə, yaxın gələcəkdə kiçik də olsa iqtisadi tənəzzül gözlənilir. Məhz buna görə son dövrlər dünya bazarlarında qızılın qiyməti yüksəlir. Bu halda Azərbaycana qızıl  bazarında da qiymətlərin yüksəlməsi əvvəlcədən gözlənilən bir hal idi".

İqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edir: "Son vaxtlar qızıl-zinət əşyalarının qiymətinin qalxmasının əsas səbəbi dünya bazarı ilə bağlıdır. Çünki son bir ayda dünya bazarında qızılın qiymətində artım müşahidə olunur. Bunun da səbəbi dünyanın bir çox regionlarında olan qeyri-stabil situasiyadır. Qeyri-stabillik yarananda, dünya iqtisadiyyatında böyümə ilə bağlı problemlər haqqında məlumatlar çıxanda yatırımçıların çoxu qızılı seçirlər. Qiymət də bununla əlaqədar qalxıb".

Ekspert bildirir ki, ölkədə satılan qızıl-zinət əşyalarının əsasən idxal mallar olması dünyadakı qiymət dəyişikliyinin Azərbaycana da təsirini  qaçılmaz edir: "Dünyada qızılın qiymətinin qalxması da təbii olaraq Azərbaycanda hiss olunur. Çünki Azərbaycanda satılan qızıl-zinət əşyaları əsasən idxal mallardır. Öz istehsalımız çox aşağı səviyyədədir. Buna görə də, dünyada qiymət dəyişən kimi Azərbaycanda da təsiri müşahidə olunur". 

Natiq Cəfərli bazarda saxta qızılların artmasının gözlənildiyini və bu halda nəzarətin gücləndirilməli olduğunu dedi: "Təbii ki, bu, bazarda əvvəlki illərdə də müşahidə olunmuş haldır. Qiymətlər yüksələndə  aşağı keyfiyyətli qızıl-zinət əşyalarının bazara girməsinə cəhd olunur.  Belə bir zamanda mütləq nəzarət gücləndirilməlidir. Gücləndirilməlidir ki, istehlakçıların hüquqlarının pozulması, aldadılması halları baş verməsin.  Çünki hazırda belə bir ehtimalın olması çox yüksəkdir".