Ağır yük maşınlarının yaratdığı daha bir ciddi fəsad

15 İyul 2014 12:45 (UTC+04:00)

Birmənalı həqiqətdir ki, ağır tonnajlı yük maşınları hazırda asfalt yolların dağılmasında əsas rollardan birini oynayır. Digər tərəfdən belə maşınların yaratdığı təhlükə təkcə yolların dağılması iəl bağlı deyil. Məsələ burasındadır ki, bu maşınlar həm də sürüşmə prossesini aktivləşdirən faktorları sırasındadır. Araşdırmalar göstərir ki, həddindən artıq yükgötürən maşınların hərəkəti nətijəsində yer qabığının üst layları titrəyir, çatlar əmələ gəlir. Yağış da torpağın dərinliyinə hopur və sürüşmələr baş verir.

Ekoloq Telman Zeynalov da Mövqe.az-a açıqamasında bunu təsdiqləyir. O bildirib ki, torpaq sürüşməsinin bir neçə səbəbi ola bilər: "Ən əsas da meşələrin qırılmasıdır. Ətrafda yaşıllıq olmayanda, həm də buxarlanmanın sürətlə getməsi, intensiv yağışlar sürüşmə yarada bilər. Ağır yük daşıyan avtomobillər də bir tərəfdən  buna təkan verə bilər. 

Belə olan halda  bu vəziyyətə qarşı hansısa addımın atılması zərurəti yaranır". 

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bununla bağlı bildirir: "Yollar tikiləndə onun harda yerləşməsindən asılı olmayaraq, onun yatağı, quruntu hesablanır. Yolun keçdiyi ərazi geoloji müayinədən keçirilir. Xüsusən də dağlıq yerlərdə yoxlamalar aparmaq vacibdir ki, təhlükələr ola bilərmi? O baxımdan ilk olaraq qurunt düzgün  hesablanmalıdır. Hər şey qeydə alınmalıdır ki, sürüşməyə meyillilik riski az olsun. Yol tikiləndə nəzərə alınmalıdır ki, burdan ağır tonnajli avtomobil keçəndə yolun təzyiqi artacaq, həmçinin, sürüşməyə meyllilik, uçqun ola bilər. Həmin avtomobillər üçün xüsusi yol nişanları qoyula bilər. Maşınlara ağırlıq həddi qoyula bilər ki, məsələn, bu əraziyə 10 tondan ağır yüklü maşın daxil olmasın. Və üstəlik bu işə nəzarət həyata keçirilməlidir ki, qaydalara əməl olunsun. Göstərilən miqdardan ağır yük avtomobili əraziyə daxil olmasın. 

Ümumilikdə isə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə yolda hərəkət edən avtomobillərə icazə verilən maksimum çəki parametrləri var. Bu parametrlərə bütün yollarda əməl olunmalıdır, nəinki dağlıq ərazilərdə, təhlükəli yerlərdə".