Jurnalistlərin ikinci binası 7-ci mərtəbəyə çatıb

15 İyul 2014 17:56 (UTC+04:00)

Bakının Bibiheybət qəsəbəsində, Yeni Salyan yolunda jurnalistlər üçün tikilən ikinci yaşayış binasının 7 mərtəbəsi inşa olunub. Movqe.az xəbər verir ki, "Media forum" saytına danışan KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli belə deyib. Vüqar Səfərli qeyd edib ki, təyin olunmuş qrafikə uyğun olaraq binanın tikintisi davam etdirilir: "Bina ilə bağlı bütün sənədləşmə işləri bitib. Hər şey öz qaydasında gedir. 3 bloklu, 17 mərtəbəli və 255 mənzildən ibarət olacaq binanı 2015-ci ilin sonuna kimi təhvil vermək planlaşdırılır. Mənzillər 1, 2, 3 və 4 otaqlı olacaq".

2013-cü ildə ərazidə jurnalistlər üçün tikilmiş 156 mənzilli bina istifadəyə verilib. Açılış mərasimi iyulun 22-də olub və həmin gün ikinci binanın təməli qoyulub.

Jurnalistlər üçün yaşayış binası dövlət vəsaiti hesabına tikilir və pulsuz paylanır.