Dağlıq Qarabağdakı separatçı rejim Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşları haqqında cinayət işi başlandığını açıqlayıb

15 İyul 2014 18:47 (UTC+04:00)

Dağlıq Qarabağdakı separatçı rejimin "prokurorluğu" "diversant" kimi təqdim etdikləri 2 Azərbaycan vətəndaşı haqqında cinayət işi başlandığını açıqlayıb.


APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, açıqlamada bildirilir ki, Şaumyan rayonu ərazisində keçirilən əməliyyat zamanı Azərbaycan vətəndaşları – 1968-ci il təvəllüdlü Şahbaz Cəlal oğlu Quliyev və 1960-cı il təvəllüdlü Dilqəm Qardaşxan oğlu Əsgərov yaxalanıb.    

 

Məlumatda bildirilir ki, Ş. Quliyevin üzərindən "AKMS" avtomatı, "PM" tapançası, iki ədəd "F-1" qumbarası, bu silahlar üçün səsboğucular və digər sursat, D. Əsgərovun üzərindən isə "AKMS" avtomatı, "PM" tapançası, səsboğucular və digər sursat aşkarlanıb. Əməliyyat zamanı üçüncü şəxsin müqavimət göstərdiyi və öldürüldüyü xəbər verilir.