Amerika yadplanetlilərlə məhkəmə çəkişməsində

16 İyul 2014 18:33 (UTC+04:00)

Biz kabusları, pis ruhları və yadplanetli gəlmələri daha çox nəsə maraqlı və qeyri-ciddi bir şey kimi qəbul edirik. Buna baxmayaraq, onların məhkəmə çəkişmələrinin predmeti olduğu barədə də hadisələr vardır. Bəzi adamlar hesab edirlər ki, paranormal təzahürlər nəticəsində onlara ciddi zərər dəyib və indi kompensasiya almaq istərdilər...

1989-cu ildə Nyu-York sakini Ceffri Stambovski Nayek kəndində ev alıb. O, evin əvvəlki sahibəsi Helen Akli ilə müqavilə imzalayıb və müqaviləyə əsasən, evin pulunu bir il ərzində hissə-hissə ödəməli olub.

Alıcı ilk ödəməni etdikdən sonra ona belə bir şayiə çatıb ki, evdə "cin var" və kabuslar dolaşır. Evin əvvəlki sahibəsi və onun daşınmaz əmlak üzrə tutduğu agentlər bu barədə, sadəcə olaraq, susublar. Əslində isə, məlum olub ki, Helenin özü və ailə üzvləri dəfələrlə öz evlərində paranormal fenomenlə üz-üzə qalıblar.

Xüsusilə 1977-1989-cu illərdə Reader's Digest qəzeti üç dəfə xanım Aklinin kabuslarla görüşləri haqda yazılar dərc edib. Məsələn, Akli bildirib ki, hansısa mistik varlıq hər səhər çarpayını silkələyərək onu oyadıb. Paranormal ev hətta turistlərin diqqətini də cəlb edib.

Bu barədə eşidən Stambovski daşınmaz əmlakın alınması üzrə müqavilənin ləğv edilməsi ilə bağlı məhkəmədə iddia qaldırıb. O, "müqavilədə dələduzluq faktlarının gizlədilməsi" üzrə vurulmuş zərərə görə kompensasiya tələb edib. Amma iddia kabuslar haqqında informasiyanın mətbuatda fəal şəkildə dərc edilməsini və bu yolla evin əvvəlki sahibəsinin satışa mane olan faktları gizlədilmək məqsədinin olmamsını əsas tutaraq Nyu-York ştatının ali məhkəməsi tərəfindən rədd edilib. Doğrudur, Stambovski hökmdən şikayət edən vaxt apelyasiya məhkəməsi etiraf edib ki, dəymiş ziyan ona qaytarılmalıdır.

Lora Şubert adlı bir şəxs ovsunlu mərasim keçirərək, guya, ona fiziki və mənəvi zərər vuran Kollivil şəhər kilsəsinin nümayəndələrini Terrent dairə məhkəməsinə (Texas ştatı) verib.

Bu hadisə 1996-cı ildə Loranın 17 yaşı olan vaxt baş verib. Kilsədə xidmət edən zaman onda ürəkkeçməsi olub və kilsə icması onun üzərində iblislərin qovulması mərasimi keçirmək qərarına gəliblər. Bu vaxt onlar qızın əl və ayaqlarından tutaraq onun bədənində qançırlar və cırmaq izləri qoyublar. O, həmçinin psixoloji zədə alıb və bir neçə ay depressiya və hallüsinasiyadan əziyyət çəkib, eləcə də intihar etmək fikrinə düşüb. Həkimlər Loraya ağır ruhi pozğunluq diaqnozu qoyublar.

Andlılar məhkəməsi əvvəlcə kilsənin iddiaçıya 300 min dollar kompensasiya ödəməsi ilə bağlı onun xeyrinə qərar çıxarıblar. Amma sonra qərardan ABŞ Ali Məhkəməsinə şikayət verilib və kompensasiya ləğv edilib, çünki zədələr iddiaçının könüllü olaraq iştirak etdiyi dini praktika zamanı alınıb.

Daha bir maraqlı məhkəmə iddiası UNO ilə əlaqədardır. 1980-ci il dekabrın 29-da axşam Texasın iki qadın sakini – Betti Keş, Vika Lendram və ikincinin nəvəsi, yeddiyaşlı oğlan uşağı Kolbi avtomobildə Hyustondan şimala tərəf gedən vaxt birdən meşə üzərində işıq saçaraq uçan altıbucaqlı obyekt görüblər. UNO-nu daha yaxşı görmək üçün avtomobildən çölə atılan qadınlar ondan hətta avtomobilin kapotunu qızdıran güclü istinin çıxdığını hiss ediblər. Tezliklə hərbi helikopterlər görünüb və onlar obyekti əhatəyə alaraq birlikdə gözdən itiblər.

Evə qayıdan vaxt qadınların hər üçü özlərində nasazlıq hiss ediblər. Xüsusilə Betti Keş daha çox əziyyət çəkib. Onda baş ağrıları, diareya əmələ gəlib, saçları tökülməyə başlayıb, gözləri qızarıb, anlaşılmaz həyəcanlı duruma və hətta hallüsinasiyalı vəziyyətə düşüb. Onun rəfiqəsi və uşaqda eyni simptomlar müşahidə edisə də, yüngül formada olub. Qadınlar kiminsə məsləhəti ilə Məhkəmə Şikayətlərinə qarşı Vəkil Bürosuna müraciət edib və ABŞ HHQ-ni məhkəməyə verib, dəymiş fiziki ziyana görə 20 milyon dollar kompensasiya ödəməyi tələb ediblər, çünki, qadınların sözlərinə görə, Amerika ordusunun helkopterləri onların ağrılı vəziyyətə düşməsinə səbəb olub.

Məhkəmə çəkişməsi 1986-cı ilə kimi davam edib. Nəhayət, iddia dairə məhkəməsi tərəfindən rədd edilib. O, iddiaçılar tərəfindən irəli sürülmüş versiyanı sübut olunmamış kimi qəbul edib.

2003-cü ildə Nyu-Yorkdan olan jurnalist qadın Lesli Kin, guya, 1965-ci ildə Pensilvaniya ştatında UNO-nun düşməsi haqda məlumatı gizlədən NASA-nı məhkəməyə verib. Yoxlanılmamış məlumatlara görə, palıd qozası şəklində olan böyük naməlum obyekt Pitsburq şəhərindən 64 km məsafədə yerləşən Keksburq meşələrində qəzaya uğrayıb və düşdüyü yerdən hərbi yük maşınında aparılıb. Nəticədə bu hadisə Keksburq hadisəsi adlandırılıb. Rəsmi versiyaya görə, meşəyə meteorit düşüb, lakin HHQ-nin hesabatına bildirilib ki, səma cisminin heç bir izi aşkar edilməyib. NASA-nın müəyyən vaxtdan sonra bu işlə bağlı bəzi sənədləri açıqlamasına baxmayaraq, Lesli Kin hesab edib ki, onlarda lazımi informasiya yer almayıb.

2007-ci ildə məhkəmənin təzyiqi ilə NASA yeni təhqiqat aparmağa və Keksburq hadisəsi üzrə arxivlərdən tapılmış sənədləri məhkəməyə təqdim etməyə razılıq versə də, necə deyərlər, araba hələ də öz yerindədir.