Bir çox hallarda qonşuda, evimizə yaxın ərazidə tikinti-təmir işləri aparanda yaranan səs-küy narahatlığa, əsəb gərginliyinə səbəb olur. Əslində, bu problem dünyanın bir çox ölkələri üçün xarakterikdir. Ona görə də vəziyyətdən çıxış yolu kimi müxtəlif addımlar atılır. Məsələn, Rusiyanın paytaxtı Moskvada təmir işlərinin aparılması üçün vaxt məhdudiyyəti qoyulub. Belə ki, qaydalara əsasən, təmir yalnız həftə içi günlərdə və 09:00-19:00 arası aparıla bilər. İstirahət günləri isə təmir işlərinin görülməsi ümumiyyətlə, qadağan edilib. Məqsəd istirahət saatlarında, istirahət günlərində başqalarına mane olmamaq, narahatlıq yaratmamaqdır. Bu təcrübənin Azərbaycanda da tətbiq olunması təklif olunur.
Həkim Adil Qeybulla təmir üçün
konkret vaxt təyin olunmasının bir neçə cəhətdən faydalı ola
biləcəyini deyir: "Ümumiyyətlə, iş rejiminin konkret
müəyyənləşdirilməsi çox vacibdir. Hər kəsin əmək müqaviləsində
müəyyən edilən qədər işləməli olduğu bir vaxt var. O saatdan artıq
çalışmağa görə, işçiyə əlavə pul verilməlidir. Əks halda bu, insan
əməyinin istismarı sayılır. Rusiyada tətbiq olunan təcrübənin
Azərbaycanda istifadəsi, yəni, təmir işləri üçün konkret vaxtın
müəyyən olunması bir tərəfdən bu halın qarşısını alacaq. Yəni, heç
kim gərəyindən çox işləməyəcək. Digər tərəfdən isə, təmir işləri
zamanı yaranan səs-küyün digər sakinlər üçün yaratdığı diskomfort
hissi qismən aradan qalxa bilər. Elə evlər var ki, orada xəstə var.
Və xəstə insan üçün də ən vacib amillərdən biri sakit mühitdə
dincəlmək, müalicə almaqdır. Nəinki xəstə olan, ümumiyyətlə, uşaq,
yaşlı, yaxud da bütün gün çalışıb axşam evinə dincəlmək çün gələn
insanların hamısının sakitliyə ehtiyacı var"
Sözügedən təcrübənin ölkəmizdə
tətbiqinin mümkün olub olmaması isə bir qədər sual atltındadır.
Bunu "MBA LTD" konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov
Movqe.az-a açıqlamasında deyib: "Əlbəttə ki, bu təcrübənin
Azərbaycanda da tətbiqi məqsədəuyğun olardı. Çünki heç kimə sirr
deyil ki, bizdə gecə saat 12-də, 1-də də olsa, evlərdə
tikinti-təmir işləri aparılır. B uda çox vaxt ətrafdakı
insanları narahat edir. Lakin reallıq budur ki, Azərbaycanda işin
vaxtında belə bir məhdudiyyət qoyulsa, ona əməl olunub-olunmayacağı
sual altındadır. Gərək insanların özünün yanaşması elə olsun ki,
vaxt məhdudiyyəti qoyulandan sonra ona əməl olunsun. Ümumiyyətlə,
yazılmış və yazılmamış qanunlar var. Bu, yazılmamış
qanunlardadandır. Ona görə, qanunun qəbulu ilə iş bitmir".
Araşıdrmalar göstərir ki, inkişaf etməkdə olan şəhərlərdə tikinti işlərinin aparılması insanlar hiss etmədən onlara öz neqativ təsirini göstərir. Sutkanın müxtəlif saatlarında eşidilən bu səs–küy yuxusuzluğa, həzm sisteminə, hiss orqanlarına təsir göstərir. İntensiv səs-küy zamanı səs 130 dB-dən yüksək olanda ağrı hissləri müşahidə olunur.