Paytaxt bazarlarında kartof rayonlardan 8-10 dəfə bahadır

7 İyul 2012 09:15 (UTC+04:00)

Bu il ölkəmizdə bir çox kənd təsərrüfatı məhsulu yenə artıqlaması ilə istehsal olunub. Burada bəzən "ikinci çörək" adlanan kartofu xüsusi ilə qeyd etmək lazımdır. Lakin təəssüf ki, artıq bir neçə rayonlarımızda fermerlər kartofu satışa çıxara bilmir. Səbəb isə alıcıların onlardan məhsulu çox ucuz qiymətə istəmələridir. Hətta Cəlilabad rayonunda becərilən kartofun kiloqramına 7 qəpik təklif olunması fermerləri tam ümidsizliyə düçar edib.

Bu vəziyyətdə isə diqqət çəkən məqamlardan biri odur ki, yerlərdə 7-10 qəpiyə olan kartof paytaxt və digər iri şəhərlərdə bundan 8-10 dəfə bahadır. Bəzi ekspertlər builki bolluğu və qiymətlərdəki bu qədər fərqi ixracatdakı problemlərdə gördüyü halda, digərləri məsələyə fərqli yanaşır. Məsələn, iqtisadçı - ekspert Ruslan Atakişiyev bildirir ki, kartofun rayon yerlərində ucuz, paytaxtda isə baha qiymətə olmasının bir sıra səbəbləri var: "Səbəblərdən ən başlıcası vasitəçilərlə bağlıdır. Yəni hər hansı bir fermer kartofu istehsal edən zaman onu vasitəçilərə satır. Bu vasitəçilər də həmin kənd təsərrüfatı məhsulunu çox ucuz qiymətə onlardan alaraq digər vasitəçilərə daha baha qiymətə təqdim edirlər. Digər vasitəçilər də bu məhsulu şəhərdə olan ticarət məntəqələrinə paylayırlar. Bu zaman arada vasitəçilik edənlər istehsal edənlərə nisbətən məhsulun üzərinə daha çox qiymət qoymağa müyəssər olurlar. Bir növ aradakı vasitəçilər məhsula istehsalçılardan daha çox pul qoyaraq, daha çox qazanırlar. Nəticədə istehsalçının özü məhsulu kiloqramı 7-8 qəpiyə satdığı halda möhtəkirlər onu vasitəçilik əsasında 5-10 dəfəyə qədər baha satırlar. Burada problemin başında istehsalçıların sərbəst şəkildə iri şəhərlərin satış məntəqələrinə çıxış imkanlarının məhdud olması dayanır. Bu məhdudluğun səbəbi ondan ibarətdir ki, istehsalçılar özləri məhsullarını birbaşa bazara çıxara bilmirlər. Onlar ancaq istehsalla məşğuldurlar. Məhsulun bazarlara çatdırılması ilə məşğul ola bilmirlər. Çünki bu əlavə xərc və vaxt tələb edir. Aradakı vasitəçilər də bu imkanı çox gözəl fürsət bilərək, qiymətləri daha da bahalaşdırırlar. Burada möhtəkirlərin süni qiymət artımını ilə yanaşı, bazarların əksər hissəsi bir sıra müəyyən inhisarçıların əlində cəmləşir. Onlar da bu və ya digər şəkildə məhsulun ucuz qiymətə bazara daxil olmasını, satanda isə onların xeyirlərinin gözlənilməsini tələb edirlər".

Ekspert bundan çıxış yolunu birinci növbədə istehsalçıların bazara çıxış imkanlarının genişləndirilməsində görür: "Bunun üçün həmin kəndlərə yaxın yerlərdə toplama məntəqələri qurulmalıdır. Həmin toplama məntəqələrində məhsullar fermerlərdən alınaraq, toplanmalıdır. Bundan sonra da Bakı və digər iri şəhərlərdəki ticarətçilərə satışı təşkil olunmalıdır. İndiki dövrdə bu iş ya dövlət, ya da müəyyən özəl şirkətlərə təqdim olunmalıdır ki, onlar bir neçə vasitəçinin əvəzinə iştirak etsinlər. Bu həyata keçirilsə, qiymətlər indikindən təqribən 3-4 dəfə aşağı düşə bilər. İkinci məsələ ondan ibarətdir ki, ümumiyyətlə kəndlinin istədiyi bazara girişi asanlaşdırılmalıdr. Yəni, bu gün yarmarkalar təşkil olunsa da, kəndli istənilən bazara sərbəst şəkildə, yer haqqı tutulmadan, müxtəlif ödənişlər tələb olunmadan daxil ola bilmir. Bu proses həyata keçirilsə, həm qiymətlər aşağı düşəcək, həm də geniş bazar formalaşacaq. Fermer məhsulunu ucuz qiymətə satdığı halda, həmin məhsulun paytaxtda 8-10 dəfəyə qədər baha satılması bu məhsula olan tələbi də azaldır. Alıcılıq qabiliyyəti buna imkan vermir. Ucuz olduğu təqdirdə isə tələb daha da artacaq. Onda da fermerdə stimul yaranacaq ki, bu da həmin sahədə gələcəkdə fəaliyyətini daha da genişləndirəcək".

Aqrar məsələlər üzrə ekspert Səmədağa Həmzəyev də paytaxt ərazisində qiymətlərin bu qədər kəskin şəkildə fərqli olmasının kökündə nəqliyyat və texnika xərclərinin durduğunu bildirir: "Bundan başqa aqrar məhsullar kəndlərdən şəhərlərə gedəndə satış üçün yerlər məhdud olur. Əlverişli satış mövqeyi yoxdur. İndi müəyyən yarmarkalar təşkil olunur. Amma bu yarmarkaların sayı çoxaldılmalıdır. Bazarlarda imkan yaradılarsa, bazar sayları artırılsa, qiymət artımının qabağını almaq olar".

Ekspert bildirdi ki, bizdə əvvəlcə məhsulu yetişdirmək, sonra onun bazarını axtarmaq prinsipi formalaşıb: "Amma xarici ölkələrin təcrübəsi göstərir ki, əvvəl bazar axtarılmalıdır. Xaricdə bu siyasət əvvəlcədən bazarda nə qədər məhsulun satılmasının mümkünlüyünü bilmək üçün edilir. Ona görə də satışın səmərəli olması üçün ona uyğun məhsul yetişdirilir. Bizdə isə belə deyil".

Səmədağa Həmzəyev qeyd etdi ki, məhsullar yerlərdə bol olduğuna görə qiymətləri aşağıdır: "Amma nəqliyyatda problemlər olduğu üçün Bakıya az getdiyindən qiymətlər orada yuxarı olur. Məhsulun paytaxta axını çoxalarsa, Bakıda ərzaq bolluğu yaranacaq. Bolluq yarandıqdan sonra da orada artıq bahalıqdan söhbət gedə bilməz. Onda da qiymətlər reallığa yaxınlaşacaq".