Nazirlik maşın payladı
16 İyul 2014 15:18 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 30 aprel 2014-cü il tarixli Sərəncamının icrası işlərinin
davamı olaraq, iyulun 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi (ƏƏSMN) tərəfindən 100 nəfər 1941-1945-ci illər Böyük
Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxs "Naz-Lifan"
markalı minik avtomobili ilə təmin edilib.
Nazirlikdən Movqe.az-a verilən məlumata görə,
onlardan 52 nəfəri Böyük Vətən müharibəsi əlili, 5 nəfəri Çernobıl
AES əlili, qalanları isə hərbi xidmət vəzifələrini yerinə
yetirərkən əlil olanlardır.Avtomobillərin
təqdim olunması zamanı qeyd olunub ki, Azərbaycan Prezidentinin 23
dekabr 2013-cü il tarixli Sərəncamına əsasən, ƏƏSMN tərəfindən cari
ilin aprel-may aylarında 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar
əlilinə minik avtomobili verilib. Bununla da cari ilin əvvəlinədək
növbədə olan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin
avtomobillə tam təminatına nail olunub.
Ötən aydan etibarən Azərbaycan Respublikası
Prezidentinin "1941-1945-ci illər Böyük Vətən müharibəsi
əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi
avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında"
30 aprel 2014-cü il tarixli Sərəncamının icrasına başlanılıb.
2014-cü ilədək növbədə dayanmış Böyük Vətən müharibəsi əlili və
onlara bərabər tutulan şəxslərdən bu gün verilən avtomobillər də
daxil olmaqla artıq 423 nəfərinin avtomobillə təminatı həyata
keçirilib və belə şəxslərin avtomobillə tam təminatının gələn ay
başa çatdırılması planlaşdırılır. Ümumilikdə, son 3 ay yarım ərzində avtomobillə təmin
olunanların sayı 1100 nəfərə çatıb.