Kəlbəcərdə girov düşənlərin Müdafiə Komitəsi toplanır

16 İyul 2014 16:45 (UTC+04:00)
İyulun 17-də saat 11:00-da Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən girov götürülən Azərbaycan vətəndaşlarının - Dilqəm Əhmədovun, Şahbaz Quliyevin və Həsən Həsənovun hüquqlarının Müdafiəsi Komitəsinin toplantısı keçiriləcək. Bu barədə Movqe.az-a Komitənin rəhbəri Elxan Salahov məlumat verib. Toplantıda girov götürülmüş soydaşlarımızın yaxınları, millət vəkilləri və ictimaiyyətin nümayəndələri iştirak edəcək. Komitə eyni zamanda Azərbaycan xalqına müraciət də ünvanlayıb: "Əziz həmvətənlər! Öz torpağını, ata-babasının qəbrini, evini ziyarətə gedən həmyerlilərimizin öz ata-baba yurdunda ermənilər tərəfindən girov götürülməsinə biganə qalmamalıyıq, bütün beynəlxalq hüquq normalarını tapdalayan Ermənistan hökumətinin bu təxribatçı hərəkətlərinə qarşı etiraz səsimizi dünyaya çatdırmalıyıq. Yubanmaq olmaz, bizim itirdiyimiz hər dəqiqə, hər saat, hər gün Ermənistanda girov saxlanılan soydaşlarımızın həyatı üçün təhlükəni artırır. Odur ki, hər birinizi Müdafiə Komitəsinin işindən fəal iştirak etməyə çağırıram!" Toplantının keçiriləcəyi ünvan: Bakı. Mətbuat prospekti, 529-cu məhəllə, bina- 23. VI mərtəbə