Köhnə maşınların tezliklə yığışdırılmasına başlanacaq

17 İyul 2014 08:58 (UTC+04:00)

Ölkədə getdikcə aktuallaşmaqda olan məsələlərdən biri də köhnə avtomobillərlə bağlıdır. Belə avtomobillərin yaratdıığ fəsadlar barədə kifayət qədər deyilib. Məsələnrn həlli istiqamətindlə ilk təşəbbüs Naxçıvanda həyata keçrilməkdədir. Belə ki, Naxçıvanda istehsal ili 1985-ci ilədək olan köhnə yük və minik avtomobillərinin əhalidən yığılmasına başlanılıb. Qeyd olunur ki, əhalidən yığılan avtomobillər əridilərək yenidən Naxçıvan Avtomobil Zavodunda ehtiyat hissələrinin hazırlanmasında istifadə olunacaq. Xatırladaq ki, bir müddət əvvəl Naxçıvan Avtomobil Zavodu bəzi ehtiyat hissələrinin Azərbaycanda istehsal olunmasının nəzərdə tutulduğunu açıqlamışdı. Ekspertlər isə təkcə Naxçıvanda deyil, ümumiyyətlə ölkə ərazisində ili köhnə olan avtomobillər vətəndaşlardan dövlət tərəfindən alınmasının vacibliyini bildirir.

Nəqliyyat məsələləri üzrə ekspert Məzahir Rüstəmov sözügedən addımın bütün ölkə üzrə atılmasını mümkün hesab edir: "Köhnə avtomobillərin yığışdırılması tendensiyası sadəcə olaraq, çoxdan gözlənilən layihə idi. Naxçıvanda prosesin neçə həyata keçiriləcəyini, kompensasiya məsələsinin necə olacağını bilmirəm. Amma təbii ki, bu, təqdirəlayiq haldır və əslində, onu azı 5 il bundan qabaq qarşılamaq lazım idi. Həmin addım vaxtında atılsaydı, bu gün tıxac, yolların təhlükəsizliyi kimi məsələlərdə hazırki çətinliklərlə bu qədər də üzləşməzdik. Ölkə üzrə istehsal tarixi 1985-ci ilə qədər olan avtomobillərin sayı hardasa 25-30 faiz civarındadır. Bu qədər avtomobilin yığışdırılması həm tıxac məsələsində müəyyən problemlərin aradan qaldırılmasına, həm də atmosferin çirklənməsi hallarının bir qədər azalmasına gətirib çıxaracaq. Heç kimə sirr deyil ki, atmosferin çirklənməsində əsas "rolu" məhz köhnə avtomobillər oynayır".

Ekspert Azər Allahverənov da qeyd etdi ki, müəyyən məsələlərin həlli fonunda bütün ölkə üzrə də köhnə avtomobillərin sıradan çıxarılması mümkündür: "Əslində, köhnə avtomobillərin fəaliyyətinə son qoymaq ideyası çoxdan mövcuddur. İstehsal tarixi köhnə, istismar üçün yararlı olmayan nəqliyyat vasitələrinin utilizasiyası baş verməlidir. Bununla da avtomobil parkı əsaslı şəkildə yenilənər. Bir sıra ölkələr, hətta bizə yaxın dövlətlər bu istiqamətdə işlərə artıq başlayıb. Burada nüans ondan ibarətdir ki, istehsal tarixi köhnə olan nəqliyyat vasitələrinin ümumi sayı, onların hansı yararlı vəziyyətdə olması, ona görə müəyyən olunacaq kompensasiyanın həcmi istiqamətində işlər görülməyib. Bu faktorlarla bağlı araşdırma aparıldıqdan sonra, məsələ ilə bağlı bütün ölkə üzrə müəyyən işlərə başlamaq olar. Digər bir məqam isə bu prosesin kimlərə şamil edilməsi məsələsidir. O, bütün köhnə avtomobillərə, yoxsa onların müəyyən qisminə aid olacaq? Məsələ ondadır ki, köhnə olsa da, bəzi avtomobil sahibləri onları utilizasiya etmək istəmir. Bu da ondan irəli gəlir ki, köhnə olsa da, həmin nəqliyyat vasitələri çox yaxşı vəziyyətdədir. Belə olan halda hansı addımların atıla biləcəyi müəyyənləşməlidir. Bəzi bu tip nəqliyyat vasitəsi sahibləri ümumiyyətlə, təzminat istəmir və bunu onunla əsaslandırırlar ki, maddi vəziyyətləri həmin maşını əvəzləməyə imkan vermir. Xaricdə maşını utilizasiyaya götürürlərsə, dövlət tərəfindən təzminat ödənilir. Bəzi ölkələrdə isə ona güzəştli qiymət əsasında yeni maşın verilir. Azərbaycanda da belə fikir səslənib. Bu kimi məsələlər öz həllini tapdıqdan sonra düşünürəm ki, köhnə avtomobillərin bütün ölkə üzrə yığışdırılması hadisəsi mümkün ola bilər".

Əsas problem ondadır ki, ölkəyə gətirilən avtomobillərin yarıdan çoxu paytaxtın payına düşür. Bu da öz növbəsində tıxacların yaranmasına və ekoloji cəhətdən problemlərin yaranmasına gətirib çıxarır. Statistik rəqəmlərə nəzər salsaq, görərik ki, hazırda ölkədəki avtomobillərin 20 faizi heç bir standarta cavab vermir. Onların utilizasiyası isə vacib sayılır.