"Bu il ərzində ünvanlı sosial yardım təminatında şəffaflığın və bu sahəyə ictimai nəzarətin təmin olunması məqsədilə bu yardımları alanların adlı siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet səhifəsində yerləşdirilib və qanunsuz şəkildə yardım təyin olunmuş ailələr barədə nazirliyə məlumatlar verilməsi üçün KİV vasitəsilə əhaliyə müraciətlər olunub".
Movqe.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Sosial Təminat
Xidmətinin (DSTX) rəisi Çingiz Əliyev bu gün keçirilən mətbuat
konfransında məlumat verib. Ç.Əliyev bildirib ki,
vətəndaşlardan daxil olan məlumatların araşdırılması zamanı 12
rayonda - Ağdam, Goranboy, İmişli, Saatlı, Masallı, Lerik,
Cəlilabad, Biləsuvar, Sumqayıt, Oğuz, Xəzər, Daşkəsən rayonlarında
aztəminatlı və sosial yardım almaq hüquqları olmayan ümumilikdə 647
ailəyə yardım təyin edildiyi, bu işlər üzrə 710 310,0 manat vəsait
xərcləndiyi aydın olub. Onun sözlərinə görə, həmin ailələrə
ünvanlı sosial yardımın ödənişi dayandırılaraq, qanunsuz ödənilmiş
vəsaitin 344 571,0 manatı və ya 48,5%-i büdcəyə bərpa edilib.
Ç.Əliyev qeyd edib ki, 5 rayonun - Ağdam, Goranboy, İmişli,
Daşkəsən, Saatlının ƏƏSMN-in müvafiq vəzifəli şəxsləri ilkin olaraq
tutduqları vəzifədən azad olunmaqla, həmin mərkəzlər üzrə müvafiq
materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Baş
Prokurorluğuna göndərilib.
Bununla yanaşı, araşdırmalar zamanı 19 vətəndaşın müraciətinin
böhtan xarakterli olduğu müəyyən edilib. Bu səbəbdən ƏƏSMN-in
müvafiq əməkdaşları tərəfindən onlara qarşı şərəf və ləyaqətin
qorunması iddiası ilə məhkəməyə müraciət olunub.