Azərbaycanda unikal cərrahi əməliyyatı

17 İyul 2014 16:59 (UTC+04:00)

M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Ürək Cərrahlığı şöbəsində ilk dəfə olaraq mürəkkəb və unikal cərrahi əməliyyatlardan biri hesab olunan bental əməliyyatı keçirilib. Elmi Cərrahiyyə Mərkəzindən Movqe.az-a verilən xəbərə görə, 53 yaşlı Xaçmaz rayon sakini Zərifə Dadaşova səhhətindəki problemlə əlaqədar Bakı şəhərindəki özəl xəstəxanaların birində müayinə olunarkən, onda aorta kökünün, qalxan aortanın anevrizması və ciddi aortal requrgitasiya aşkar edilib. Ona Bakı şəhərindəki özəl xəstəxanalarda, həmçinin İran İslam Respublikasında əməliyyatın 12 000-15 000 manata başa gələcəyi bildirilib. Xəstə isə buna maddi imkanı çatmadığından kömək üçün Səhiyyə Nazirliyinə müraciət edib. Səhiyyə Nazirliyi müraciətə operativ cavab verərək xəstəni müayinə və müalicə üçün M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə göndərib. Əməliyyat üçün lazım olan çox bahalı ləvazimatların hamısı Səhiyyə Nazirliyi tərəfindən təmin edildikdən sonra qeyd olunan cərrahi əməliyyat uğurla həyata keçirilib. Əməliyyatı tibb üzrə fəlsəfə doktoru İlqar Heybətov icra edib. Uzun müddət Səudiyyə Ərəbistanında qabaqcıl ürək cərrahlığı mərkəzlərində işləyib zəngin təcrübə toplayan İ. Heybətovun sözlərinə görə, belə mürəkkəb əməliyyatların icrası məhz son illərdə Mərkəzdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra mümkün olub. Gələcəkdə daha mürəkkəb əməliyyatların həyata keçirilməsi qarşıya məqsəd qoyulub. Qeyd edək ki, M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdindəki Ürək cərrahlığı şöbəsi 1979-cu ildən fəaliyyət göstərir və hazırda Səhiyyə Nazirliyi tabeliyində olan, ödənişsiz ürək əməliyyatlarının icra edildiyi yeganə şöbədir.