Girovlarla bağlı açıqlama
17 İyul 2014 17:15 (UTC+04:00)
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş,
girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Kəlbəcər
rayonu ərazisində azərbaycanlıların girov götürülməsi ilə bağlı
ictimaiyyətin narahatçılığını nəzərə alaraq bir daha bildirir ki,
onların sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ
gündəlik diqqət mərkəzindədir və onunla bağlı bütün zəruri
tədbirlər görülür. Bu barədə ANS PRESS-ə Əsir və itkin düşmüş,
girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından
bildirilib.
Komissiyadan deyilib: "Ermənistanın rəsmi
dairələrinin yaydığı məlumatların əksinə olaraq bildiririk ki,
girov götürülmüş şəxslər 12 avqust 1949-cu il tarixdə qəbul edilmiş
Cenevrə Konvensiyalarının himayəsi altındadır və onlarla davranış
həmin beynəlxalq sənədlər çərçivəsində olmalıdır. Ancaq
Ermənistanın Müdafiə Nazirliyi saxlanılan şəxslər: "hərbi əsir
deyil" deməkdə haqlıdır. Ona görə ki, həmin şəxslər Ermənistan
silahlı birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan
ərazilərində böyüyüb başa çatmış və ata-babalarının məzarı həmin
ərazilərdə qalmış mülki insanlardı. Mülki şəxslərlə isə "Müharibə
zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust
Cenevrə Konvensiyası"nın tələblərinə uyğun davranılmalıdır. Həmin
konvensiyanın 4-cü maddəsində bu dəqiq ifadə edilib. Bu məqam
aidiyyəti beynəlxalq təşkilatların da diqqətinə
çatdırılıb. Kəlbəcər rayonu ərazisində
girov götürülmüş şəxslər erməni tərəfinin iddia etdiyi kimi, heç
bir dövlət sərhədini pozmayıb və suveren Azərbaycan Respublikasının
BMT tərəfindən tanınmış ərazisində olublar. Əsl sərhəd pozucusu isə
10 yanvar 2010-cu il tarixdə 5 nəfərdən ibarət ailə üzvü ilə
"Yeraz" markalı maşınla Ermənistan Respublikasının Naxçıvan MR ilə
sərhəd ərazisini keçdiyi üçün Azərbaycan hərbçiləri tərəfindən
saxlanılmış Gevorkyan Yeqişe Petrosoviçdir. Həmin dövrdə Azərbaycan
Respublikası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq
Gevorkyanla sərhəd pozucusu kimi davrana bilərdi. Lakin, beynəlxalq
hüquq normalarına həmişə hörmətlə yanaşmış Azərbaycan Respublikası
Gevorkyana və onun ailəsinə münasibətdə humanitar hüquq normalarını
əsas götürüb.
Diqqəti çəkən və narahtçılıq doğuran məqamlardan
biri isə Ermənistanın rəsmi strukturlarına istinad edən erməni
kütləvi informasiya vasitələrində məsələ ilə bağlı ziddiyyətli, bir
çox hallarda isə biri-birini təkzib edən məlumatların yayılması,
eyni zamanda onların guya bir hərbçini və bir mülki şəxsi
öldürməkdə günahlandırılmasıdır. Hətta Dağlıq Qarabağda qurulmuş
separatçı rejimin "yetkililəri" bir az da uzağa gedərək bu
məsələnin danışıqlar prosesinə ciddi zərbə vuracağı kimi siyasi
bəyanatlar verməkdən belə çəkinmirlər".
Dövlət Komissiyası bildirir ki, məsələyə kriminal
və ya siyasi don geyindirilməsi beynəlxalq humanitar hüquq
normalarına hörmətsizlikdir və saxlanılan şəxslərə bu normalarının
tətbiq dairəsindən kənar münasibət qəbul
edilməzdir. Bununla yanaşı, Komissiya
Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində girov
götürülmüş azərbaycanlılarla bağlı kütləvi informasiya
vasitələrində yoxlanmamış məlumatların yayılmasından da
narahatçılığını ifadə edir. Təhlil göstərir ki, hadisə ilə bağlı
məlumatlar bir çox hallarda dəqiqləşdirilmədən, tələsik dövriyyəyə
buraxıldığı üçün əsas mahiyyətini itirərək sensasiya xarakteri
alır.
Hətta girov götürülmüş vətəndaşların qohumu
olmayan şəxslərə istinad edilərək guya saxlanılan şəxslərdən
birinin onlara Kəlbəcərdən zəng edərək bir nəfərin öldürülməsi,
digərinin gözünün çıxarılması barədə məlumat verdiyini yazırlar.
Aparılan araşdırmalar, eyni zamanda girovların yaxın qohumları isə
belə zəngin olmadığını təsdiq edir. Digər bir halda isə saxlanılan
şəxslərdən birinin evinin və mağazasının olması kim məsələyə
aidiyyəti olmayan məlumatlar yayılır. Misalları artırmaq da
olar. Bu məsələ insan taleyi ilə bağlı
olduğu və həssas xarakter daşıdığı üçün Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası hazırda
Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş vətəndaşlarımızla
bağlı məlumatları yayarkən bir çox hallarda təxəyyüldən doğan
fikirlərdən uzaq olmağa və saxlanılan şəxslərin sonrakı taleyi ilə
bağlı aparılan işə zərər verə biləcək hər hansı materialı yaymaqdan
çəkinməyə çağırır. Dövlət Komissiyası
məsələ ilə bağlı aparılan işlər barədə məlumatları müntəzəm olaraq
ictimiayyətə çatdıracaq. Qeyd edək ki,
Ermənistan kütləvi informasiya vasitələrində erməni xüsusi
təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər
rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov
adlı bir azərbaycanlının öldürülməsi, Şahbaz Cəlal oğlu Quliyev və
Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlının isə girov
götürüldüyü və onlara cinayət işi açıldığı barədə məlumatlar
yayılıb.