Uşaq doğumunu məsafədən idarə etmək mümkün olacaq

18 İyul 2014 08:30 (UTC+04:00)

"Hormonal kontraseptiv (doğuşun qarşısını almaq) dünyasında inqilab"- amerikalı alimlər öz kəşflərini belə qələmə verirlər. Massaçusets Texnologiya İnstitutunun əməkdaşları dəri altına köçürülən və gündəlik olaraq müəyyən miqdarda hamiləliyin qarşısını alan hormon ifraz edən çip hazırlayıblar. Çip 20x20x7 mm ölçüsündə olan lövhəni xatırladır. Onda içərisində levonorgestrel olan çox kiçik konteynerlər vardır. Bu preparat doğuma nəzarət vasitələrinin tərkibində artıq çoxdan və uğurla istifadə edilir. Bədənində çip olan qadının orqanizminə bu hormondan gündəlik olaraq 30 mikroqram ifraz olunacaq. Çipin işə başlaması üçün onu dəri altına köçürmək və xüsusi düymə vasitəsilə işə salmaq lazımdır. Yeri gəlmişkən, əgır müəyyən vaxtdan sonra qadın ana olmaq istəyərsə, elə həmin düymə vasitəsilə çipin fəaliyyətini dayandırmaq kifayətdir. Bunun üçün onu bədəndən çıxarmaq mütləq deyildir. Buna baxmayaraq, bu texnologiya artıq skeptiklərin təzyiqlərinə məruz qalıb. Onlar bildirirlər ki, çip "yanlışlığa" yol verə bilər və belə olan təqdirdə qadının orqanizmi hədsiz miqdarda hormon dozası ala bilər. Digərləri isə texnologiyanı hazırlayanların hakerlər tətəfindən çipin sındırlmasının qarşısını ala biləcəklərinə inanmırlar. Buna baxmayaraq, ixtiraçılar nikbindir və bildirirlər ki, indi texnologiya üzərində son tamamlama işləri gedir və onun sınaqdan keçirilməsinə 2015-ci ildə başlanacaq. Çipin özünü isə üç ildən sonra kütləvi istehsala buraxmağı planlaşdırırlar.